Bakı İrəvanın ev sahibliyinə EHTİYATLA YANAŞIR – “3+3” platformasında gərgin BALANS OYUNU
“Azərbaycanın Ermənistan ev sahibliyi ilə keçiriləcək görüşə qatılması məsələsi müzakirə altındadır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinin İrəvanda keçirilməsi planlanan görüşü ilə bağlı fikirlərini bölüşüb.
Politoloq bildirib ki, Ermənistan “3+3” regional əməkdaşlıq platformasında növbəti toplantını qəbul etməyə hazır olduğunu bəyan edib:
“Bu məsələ ötən ilin sonunda İstanbulda keçirilən görüşdə müzakirə olunmuşdu, indi isə Rusiya XİN rəhbərinin İrəvanda səfəri zamanı yenidən diqqət mərkəzinə gəlib. Sergey Lavrov İrəvana xəbərdarlıq edib ki, regiondakı maraqlara qarşı olan addımlar uğurlu olmayacaq. Belə görünür ki, Ermənistan həm regional əməkdaşlığa sadiqliyini göstərmək, həm də Rusiyanın bölgədəki mövqeyini möhkəmləndirmək niyyətindədir”.
Onun sözlərinə görə, “3+3” formatında görüşlər növbəli şəkildə keçirilir:
“İlk toplantı Moskvada, ikincisi Tehranda, üçüncüsü isə İstanbulda baş tutub. İndi növbə Bakı və ya İrəvana çatıb, çünki Gürcüstan Rusiya faktoruna görə hələ də bu platformada tam iştirak etmir. Lavrov da görüşlərin həm Ermənistan, həm də Azərbaycan ərazisində keçirilməsi təklifini irəli sürüb. Ermənistanın ev sahibliyi etməsi həm Qərbə yönəlmiş siyasətinə tarazlıq gətirməyə, həm də Azərbaycanla dialoqda irəliləyiş göstərməyə hesablanıb”.
“Amma Bakı bu təşəbbüs qarşısında ehtiyatlıdır. Paşinyan hökumətinin sülh prosesi ilə bağlı öz xeyrinə fərqli təqdimat yaratması, eləcə də İrəvanın ötən ilin noyabrında Azərbaycanda keçirilən COP29 tədbirində iştirak etməkdən imtina etməsi rəsmi Bakıda narahatlıq doğurur. Buna görə də Azərbaycanın Ermənistan ev sahibliyi ilə keçiriləcək görüşə qatılması məsələsi müzakirə altındadır. İştirakdan imtina edilməsi isə regional platformanın əhəmiyyətinə zərbə kimi qiymətləndirilə bilər. Buna görə də Azərbaycan görüşün əvvəlcə öz paytaxtında keçirilməsini təklif edə bilər ki, bu halda hər iki tərəfin nazir heyətləri hər iki görüşdə iştirak edə bilsin”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli