ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi olaraq izlənən “The Hill” qəzetinin 16 yanvar 2015-cü il tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan
Yenicag apa-ya istinadən bildirir ki, “Qara Yanvar və haqsız yerə verilmiş Nobel Sülh Mükafatı” başlıqlı məqalədə 25 il öncə baş vermiş qanlı 20 Yanvar hadisələrindən və Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı mübarizədən bəhs edilir.
Həmin hadisələr zamanı sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirən müəllif, Heydər Əliyevin faciədən dərhal sonra Moskvadakı Azərbaycan SSR-nin nümayəndəliyinə gedərək, qətliamı kəskin şəkildə pislədiyini, bunun isə Azərbaycan xalqının azadlıq mücadiləsini daha da ilhamlandırdığını yazıb. Baş konsul mühüm bir fakta diqqət çəkərək bildirib ki, 1990-cı ilin 15 oktyabrında Nobel Sülh Mükafatı Komitəsi bəlkə də öz tarixində ən qeyri-adi qərarını verərək Sovet İttifaqının prezidenti Mixail Qorbaçovu Nobel Sülh Mükafatına layiq görüb. Bununla cəmi 10 ay əvvəl M. Qorbaçovun birbaşa əmri ilə Bakıda törədilmiş yanvar qətliamını “unudan” komitə əli yüzlərlə günahsız azərbaycanlının qanına batmış bir şəxsi mükafatlandırmış olub.
N. Ağayev digər bir maraqlı tarixi faktı da vurğulayaraq yazıb ki, Alfred Nobel və onun qardaşlarının Bakı neftindən əldə etdikləri böyük sərvət olmasaydı, 1901-ci ildə Nobel mükafatının təsisi mümkün olmazdı: “Ancaq Alfred Nobel təsəvvürünə belə gətirə bilməzdi ki, təsis etdiyi bu mükafat bir gün həmin Bakını qan çanağına çevirmiş şəxsə veriləcək”.
Diplomat, həmçinin, müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini qeyd edərək, ölkənin müstəqilliyinin güclü və dönməz olduğunu vurğulayıb.
www.yenicag.az