Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Nazirliyin Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarında saat 19:00-da artım müşahidə olunub. Belə ki, tozun miqdarının sanitar normadan 6 dəfə yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6 dəfə sanitar normadan yuxarı olub.
Qeyd edək ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.