Bakı və İrəvan arasındakı FİKİR AYRILIQLARI – Paşinyan nədən SÖZ AÇDI? – SENSASİYA
“Bu, nə qədər tez baş verəcəksə, fikir ayrılıqları ilə müşayiət olunan suallar da bir o qədər tez aradan qalxacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ədalət, Hüquq Demokratiya Partiyasının (ƏHDP) sədr müavini Elçin Mirzəbəyli deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması ilə bağlı bəyanatlar tərəflər arasında fikir ayrılıqlarının olmadığı demək deyil” bəyanatına münasibət bildirib.
Deputat qeyd edib ki, Vaşinqtonda sülhün bərqərar olunması ilə bağlı imzalanan bəyannamə Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarının tamamilə aradan qalxması anlamına gəlmir:
“Bizim baxış bucağımızdan, Ermənistan öz konstitusiyasından ölkənin müstəqillik bəyannaməsinə istinadən yer alan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Bununla yanaşı, ölkənin digər hüquqi-normativ aktlarından da birbaşa və dolayısıyla ərazi iddialarını əks etdirən müddəaların da çıxarılması zəruridir”.
Onun sözlərinə görə, sülh prosesi ilə birbaşa bağlı olmayan digər məsələlərlə əlaqədar da hazırda açıq qalan suallar var:
“Bəzi suallar isə çox güman ki, həm delimitasiya prosesinin davamında, həm də Azərbaycanla onun ayrılmaz parçası olan Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək mexanizmlərlə bağlı müxtəlif suallar yaranacaq. Amma sülh müqaviləsi bütün bu prosesin ağrısız, dialoq formatında və qarşılıqlı etimadı gücləndirən addımların atılması ilə gerçəkləşməsi üçün çox önəmli hüquqi və siyasi baza formalaşdırır. Etimadın bərpa olunmasının yolu isə ilk növbədə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən keçir. Bu, nə qədər tez baş verəcəksə, fikir ayrılıqları ilə müşayiət olunan suallar da bir o qədər tez aradan qalxacaq”.
Nəsimi Ələsgərli