Yazıçı Amin Maalouf “Roman Dilləri Ədəbiyyat Mükafatı”na layiq görülüb
Fransız-Livan əsilli tanınmış yazıçı Amin Maalouf “Roman Dilləri Ədəbiyyat Mükafatı”na layiq görülüb. Meksikanın Qvadalaxara şəhərində keçirilən Feria Internacional del Libro (FIL) çərçivəsində təqdim edilən mükafatı qəbul edərkən yazıçı dünyadakı gərginliklərə baxmayaraq, ümidli mesaj verib.
Yenicag.az xəbər verir ki, 70 ildən artıq yaradıcılıq yolunda avtoritar meyllərin yüksəlişi, dağıdıcı müharibələr və nəzarətdən çıxan texnologiya mövzularını əsərlərinə daşıyan Maalouf çıxışında deyib:
“Qorxulu, eyni zamanda valehedici bir dövrdə yaşayırıq. İnsani gücümüzü tapacağıq və bəşəriyyət bu mərhələni geridə qoyacaq”.
Jüri, Maaloufun millətçi və dini dar düşüncəni rədd edən yaradıcılığını xüsusi vurğulayıb. İspan akademik Karmen Alemany bildirib ki, qərar çətin olub, çünki bu il çoxsaylı yüksək səviyyəli namizədlər vardı. Onun sözlərinə görə, Maalouf hər zaman “millətçilik saplantısı, yoxsullar və unudulanların səsi” mövzularını ədəbiyyat vasitəsilə gündəmə gətirib.
Mükafat 150 min dollar pul mükafatı ilə müşayiət olunur və ispan, katalon, fransız, italyan, rumın və portuqal dillərində yazan müəlliflərə verilir. Keçən il bu mükafatı mozambikli yazıçı Mia Koutu qazanmışdı.
Çıxışında “ədəbiyyatı bir müalicə vasitəsi” kimi gördüyünü deyən Maalouf vurğulayıb:
“Ən böyük kimlik insan kimliyidir. Daha geniş bir mədəniyyətə – insan mədəniyyətinə mənsubuq. Heç bir sivilizasiya digəri üzərində üstünlük iddia edə bilməz”.
1987-ci ildə təsis olunan Qvadalaxara Kitab Sərgisi Latın Amerikasının ən böyük, dünyanın isə ikinci ən böyük kitab yarmarkası hesab olunur. 2025-ci ilin fəxri qonağı Barselona olacaq.