Masazırda tələbləri pozan kafenin fəaliyyəti məhdudlaşdırıldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi 129 ünvanında fiziki şəxs Esmira Zakir qızı Mirzəyevaya məxsus “Görüş” kafesində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, yoxlama zamanı kafedə texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsulunda istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.