Beynin yaşlanmasına səbəb olan protein kəşf edildi
Kaliforniya Universitetindən tədqiqatçılar beynin yaşlanmasında kritik rol oynayan FTL1 adlı proteini müəyyən ediblər.
Yenicag.az xəbər verir ki, yaşlı siçanların hipokampusunda bu proteinin səviyyəsi artdıqca sinir hüceyrələri arasındakı əlaqələr azalır və yaddaş bacarıqları zəifləyir.
Proteinin miqdarı azaldıldıqda isə beyin hüceyrələri daha çox əlaqə qurur, siçanlar yaddaş testlərində daha yaxşı nəticə göstərirlər.
Tədqiqatçılar FTL1 səviyyəsini süni şəkildə artırdıqları gənc siçanlarda isə beyin və davranışların yaşlı siçanlara bənzədiyini müşahidə ediblər.
FTL1 proteini, əsasən, dəmirin saxlanması və metabolizmasında iştirak edir. Yaşlandıqca bu metabolizmadakı dəyişikliklər proteinin səviyyəsinin artmasına səbəb olur.
Ekspertlər bildirir ki, FTL1-i hədəfləyərək alzheimer və parkinson kimi xəstəliklərlə əlaqəli zəka geriləməsini əks istiqamətə çevirmək mümkün ola bilər. Lakin nəticələrin insanlar üçün də keçərli olub-olmadığını təsdiqləmək üçün əlavə araşdırmalar tələb olunur.