Bakıda köməksiz qalan pişik xilas edildi-Foto
Yenicag.az xəbər verir ki, Nərimanov rayonu, Çernyayevski küçəsi 1 saylı binanın sakinləri redaksiyamıza qeyri-adi, eyni zamanda insanlıq adına utanc olan bir şikayət ediblər. Sakinlərinin sözlərinə görə, bir neçə gün öncə binanın 2-ci blokunun zirzəmisində istilik borusu partlayıb: “Azəristiliktəchizat”ın işçiləri gəlib binanın zirzəmisinə bayır tərəfdən deşik açdılar və yeni boruları oradan keçirdilər. 1 gün sonra isə həmin deşiyi bağlayıb getdilər. Bundan sonra bəlli oldu ki, təmir işləri gedən vaxt bir pişik təmir zamanı açılan deşikdən zirzəmiyə girib, həmin yeri qapatdıqdan sonra zavallı heyvan çölə çıxa bilmir. Düz 4 gündür pişik gecə-gündüz zirzəmidə çığırır. Həm heyvana yazığımız gəlir, həm özümüzə – pişik ac-susuz qalıb orada ölür, çığırır, bizim də onun səsindən əsəblərimiz pozulub, eyni zamanda ürəyimiz parçalanır ki, bir heyvan əzabla ölür. “Azəristiliktəchizat”a dəfələrlə demişik ki, onların gördüyü işin nəticəsində belə bir olay baş verib. Lakin qulaqardına vururlar. Bizim özümüzün də binanı dağıtmaq, deşik açmaq üçün alətlərimiz, həmçinin icazəmiz yoxdur. Bu rəzalətin aradan qaldırılmasını xahiş edirik”.
***
Minval.az saytinin əməkdaşı İlkin Zəfərlinin Musavat.com-a verdiyi məlumata görə, bu gün redaksiyaya xəbər yayılandan bir qədər sonra heyvansevərlərin iştirakı ilə xilasetmə keçirilmişdi. Afaq Qurbanovanın təşəbbüsü ilə bir qrup heyvansevər usta ilə birlikdə həmin ümvanda yerləşən zirzəmidən pişiyi sağ-salamat çıxara biliblər.