Bakıda müəllimlərin imtahanı başladı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün müəllimlərin sınaq qiymətləndirilməsinə başlayıb.
İdarədən verilən məlumata görə, bu gün saat 10.00-dan 17.30-dək rus dili və ədəbiyyat, ibtidai sinif, təsviri incəsənət və rəsmxət fənlərini tədris edən müəllimlər sınağa çəkiləcəklər.
Müəllimlərin sınaq qiymətləndirilməsi sabah və biri gün də davam edəcək.
Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə – fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq. Müəllimlər 2 saat yarım ərzində 80 sualı cavablandırmalıdırlar. İmtahanda 40 sual ixtisas fənni, 20 sual metodika, 20 sual isə müəyyən kommunikativ qabiliyyətlərin ölçülməsi ilə bağlıdır.
Qiymətləndirmə keçirildikdən təxminən 1 həftə-10 gün sonra nəticələr bilinəcək.
Sınaq qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin fəaliyyətindəki boşluqları aradan qaldırmaq üçün təlimlər, yenidənhazırlıq, ixtisasartırma kursları təlimləri təşkil ediləcək və müəllimlər bu təlimlərə cəlb olunacaq.
Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər üçün isə həvəsləndirici tədbirlərin tətbiq olunacağı bildirilir.