Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutan iclas dünyaya verilən bir sıra önəmli mesajlarla yadda qalıb.
Azərbaycanda bu kimi mötəbər tədbirin keçirilməsi hər nə qədər təqdirə layiq hal olsa da, buna kölgə salan nüanslar da az olmayıb.
Maraqlıdır ki, tədbirin Azərbaycanda təşkil olunmasına baxmayaraq, çıxışların heç biri azərbaycan dilinə tərcümə olunmayıb. Belə olan halda haqlı olaraq sual yaranır, nə üçün azərbaycanlı jurnalist öz doğma ölkəsində təşkil olunan bu qədər önəmli bir tədbiri işıqlandırmaqla bağlı belə bir səhlənkarlıqla üzləşməlidir? Məgər hər bir jurnalist mütləq qaydada ingilis dilini bilmək məcburiyyətindədir? Görünür, təşkilatçıların başı xarici jurnalistləri razı salmağa o qədər qarışıb ki, yerli jurnalistləri informasiya ilə təmin etmək yadlarından çıxıb. Ən azından bu səhlənkarlığa ən yumşaq bəhanə bu ola bilər.
İş burasındadır ki, əcnəbi jurnalistlər də diqqət mərkəzinə düşüb. Beynəlxalq medianın nümayəndələri kobudluqla yadda qalıblar. Açıqlama almaq üçün rəsmilərin üzərinə hücum çəkən əcnəbi medianın nümayəndələri qarışıqlıq yaradıblar. Onların kobudluğu nəticəsində hətta nazirlər üçün nəzərdə tutulan masa da sınıb.
Qeyd edək ki, bir neçə gün öncə paytaxtımızda VII Qlobal Bakı Forumu keçirilib. Azərbaycan dövləti tərəfindən təşkil olunan beynəlxalq tədbirə əcnəbi medianın nümayəndələri də dəvət olunmuşdu. Ölkə başçısı İlham Əliyevin himayəsində keçirilən tədbirin təşkilatçılığı müsbət məqamlarla yadda qaldı. Hər halda OPEC kimi təşkilat bu məsələdə Azərbaycan dövlətindən nümunə götürsə, yaxşı olar.