Bakıda parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan sakinlər üçün pulsuz parklanma yerləri ayırılacaq və onlara fərdi parklanma talonu veriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilib.
Dəyişikliyə əsasən fərdi parklanma talonuna dair məlumatların Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi təmin ediləcək.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov AzVision.az-a bildirib ki, pulsuz parklanma yerlərindən istifadə sakinlərin işini xeyli asanlaşdıracaq.
“Əgər vətəndaşın yaşadığı evin yanında pullu parklanma yeri varsa, həmin şəxs avtomobilini orada pulsuz saxlaya biləcək. Onlara talon veriləcək ki, parklanma olan yerdə pulsuz olaraq avtomobillərini saxlaya bilsinlər. Məlum olduğu kimi icra hakimiyyəti tərəfindən bir neçə yerdə pullu parklanma quraşdırılıb. Kimin yaşadığı evin yanında pullu parklanma yeri varsa, bu, onlara aid olacaq. Talonları icra hakimiyyətləri verəcək. Talonun verilmə proseduru hələ müəyyənləşməyib. Bunu Nazirlər Kabineti təsdiq edəcək. Ondan sonra məlum olacaq ki, həmin talonları almaq üçün hansı sənədlər tələb olunacaq”.
www.yenicag.az