!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: “Arvadının hesabına yaşayırsan...” - CİNAYƏT İŞİ

!Reklam – Yazi

2021-ci il yanvarın 9-u saat 17 radələrində Bakının Q.Qarayev prospekti, 124A ünvanında yerləşən tikilidə qətl hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Dərhal faktla bağlı polis və prokurorluq orqanlarının əməkdaşları əraziyə cəlb olunaraq, hadisə yerinə baxış keçiriblər. Tikilinin giriş qapısında kişi meyitinin cibindən 1979-cu il təvəllüdlü İmran Səfərova aid şəxsiyyət vəsiqəsi çıxıb.

Elə həmin gün hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Kamil Qurbanov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gələrək könüllü təslim olub. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az həmin qətl hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, yanvarın 9-u saat 16 radələrində Bakı şəhəri, Qara Qarayev prospekti 124A saylı binanın qarşısında yerləşən anbar kimi istifadə olunan tikilidə Kamil Qurbanov tanışı İmran Səfərov və qeyriləri ilə birlikdə yemək yeyib-içiblər. İmran Kamilə keçmiş arvadı Arzu Qurbanovanın hesabına yaşadığını söyləyib. Kamil bunu qəbul edilməz hesab edib və bıçaqla 3 zərbə endirərək onu öldürüb.

İş üzrə dindirilmiş Kamil Qurbanov bildirib ki, 2012-ci ildən narkotik maddələr qəbul edir və İmran Səfərovla da təxminən 5 il əvvəl tanış olub:

“İmran yaşadığım evin yaxınlığında qəssab işləyirdi. O, spirtli içkilərə meylli idi və içəndən sonra ətrafdakılarla aqressiv davranırdı. 2020-ci ilin yay aylarında arada bir qardaşım Ramilin avtomobilini götürüb, taksi fəaliyyəti ilə məşğul olurdum. Bir gün İmran sərxoş vəziyyətdə yaxınlaşıb onu Naxçıvanski adına hərbi liseyə aparmağımı xahiş etdi. O, üstündə 10 manat pulu olduğunu, 5 manatı isə sonradan verəcəyini bildirdi. İmranı istədiyi ünvana aparıb gətirdim. Sonradan ondan bir neçə dəfə pulumu istəsəm də, o hər dəfə bir bəhanə gətirib borcunu qaytarmadı. Ələddin Məmmədovu da təxminən 5-6 ildir ki tanıyıram. 2021-ci il yanvarın 9-u saat 14 radələrində Ələddinə məxsus Q.Qarayev prospekti 124A ünvanında yerləşən anbara gələndə, onun İmranla oturub, spirtli içki qəbul etdiklərini gördüm. Dəvətlərini qəbul edib, masa arxasında əyləşdim, lakin 2-3 saatdan sonra avtomobili ilə müəyyən işlərimin dalınca getməli olduğumdan araq içmədim. Qonşuluqda yaşayan, adını bilmədiyim yaşlı kişi də tikiliyə gəlmişdi. Bir qədər mənimlə nərd oynayandan sonra, yaşlı kişi sağollaşıb getdi. Sərxoş olan İmran onlarla araq içmədiyimə görə mənə iradını bildirdi. Söyərək “keçmiş arvadımın hesabına” yaşadığımı bildirdi. İçkili olduğuna görə, səbir edib İmranın sözlərinə əhəmiyyət vermədim. İmran masanın üstündəki şüşə qabı qaldırıb məni vurmaq istəyəndə, Ələddin əlindən qabı alaraq mane oldu. Sakitləşməyən İmran bıçaq götürüb məni vurmaq istədi.

Onun hərəkətlərindən bezib, cibimdən bıçaq çıxardım. Məqsədim İmrana məndə də bıçaq olduğunu göstərib, onu özümdən kənarlaşdırmaq idi. Bu zaman İmran “vurmasan … kişi deyilsən” deyərək, məni təhqir etdi. Onun sözündən bərk əsəbiləşib üstünə getdim. Qapının yanında, bıçaqla İmranın ürək nahiyəsinə 2 dəfə güclü zərbə endirdim. Ələddin və digər şəxs cəld araya girib, bizi ayırdılar. İmran yerə yıxıldı. Tikilidən çıxıb, yaşadığım evə qayıtdım. Yolda bıçağı kolluğa atdım. Paltarlarımı dəyişəndən sonra, evdəkilərlə sağollaşıb 24-cü şöbəyə gələrək təslim oldum”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Adil Səfərov ifadəsində göstərib ki, doğma qardaşı Adil bir neçə il əvvəl Natiqə Səfərova ilə evlənib və nikahdan iki övladları dünyaya gəlib:

“Qəssab işləyən İmran ailəsi ilə birlikdə Beyləqandan paytaxta köçmüşdü. Yanvarın 9-da qardaşımın öldürülməsi barədə məlumat aldım və buna görə Bakıya gəlib meyitini təhvil aldım. Məlum oldu ki, aralarında yaranmış mübahisə zamanı İmranı bıçaq zərbələri ilə Kamil Qurbanov qətlə yetirib”.

Şahid qismində dindirilmiş Ələddin Məmmədov bildirib ki, İmran Səfərov ayıq vaxtı sakit, spirtli içki qəbul edəndə emosional və davaya meyilli insan olub:

“Yanvarın 9-u saat 11 radələrində dostum Sultan Həsənovun yanına getdim. Yaşadığım binanın həyətindəki, həyat yoldaşımın təsərrüfat anbarında oturub söhbət edirdik. Bir qədər sonra İmran Səfərov yanımıza gəldi. Ardınca Kamil Qurbanov da ora gəlib araq içmək istədiyini, lakin pulu olmadığını deyərək ona spirtli içki almağımızı xahiş etdi. Kamilin hərəkətlərindən onun narkotik vasitənin təsiri altında olduğunu hiss etdim. Sultan cibindən çıxardığı 12 manat pulu masanın üstünə qoydu. Araq almağa gedən İmranla Kamil 5 dəqiqədən sonra qayıtdılar. Spirtli içkini içəndən sonra Sultan sağollaşaraq getdi. İmran Kamilə həyat yoldaşı ilə boşandığına görə “arvad çörəyi yediyini” deyərək iradını bildirdi. Cavab olaraq Kamil ona bu söhbəti birdəfəlik bağlamasını söyləyərək onu söydü. Bundan sonra onlar anbarın girəcəyində bir-birinin yaxasından tutdular. Bu zaman Kamil bıçaqla İmranın sinəsinə zərbələr endirdi. Mənə sahə rəisinə zəng edib məlumat verməyimi, özünün isə polisə gedəcəyini deyərək çıxıb getdi. 1-2 dəqiqə ayaq üstə durduqdan sonra Səfərov odun sobasının yanında yerə yıxıldı”.

Şahid İsgəndər Əliyev ifadəsində göstərib ki, yanvarın 9-da yaşadığı evə gələrkən tanışı Ələddin Məmmədovu anbarın qarşısında həyəcanlı vəziyyətdə görüb:

“Ələddindən nə baş verdiyini soruşduqda o, Kamilin İmranı bıçaqla vurub öldürdüyünü, bununla bağlı Təcili Tibbi Yardıma və “102” xidmətinə məlumat verdiyini bildirdi. Bundan sonra təcili yardım avtomobilini qarşılamaq üçün yola çıxdım. Tikiliyə tibb işçiləri ilə birlikdə daxil olanda İmranın artıq öldüyünü gördüm. Hadisədən sonra mənə məlum oldu ki, İmran Kamilə arvadı ilə boşandığına görə iradını bildirdiyi üçün mübahisə yaranıb. Nəticədə Qurbanov Səfərovu bıçaq zərbələri ilə qətlə yetirib”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Qurbanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

www.yenicag.az

713
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv