Bakıda sürücü yol polisini “Prado” ilə sürüdü
Noyabrın 17-dən 18-nə keçən gecə 01.15 radələrində Bakının Nərimanov rayonunda yol polisi əməkdaşı xidməti borcunu yerinə yetirərkən ağır xəsarət alıb.
Bu barədə Nərimanov Rayon Polis İdarəsində bildiriblər. İnsident Xətai prospekti, 40 saylı evin yanında baş verib. İstintaq tərəfindən Namiq Xanəliyeva məxsus, “Toyota Prado”nun müəyyən edilməyən sürücüsü, yol hərəkət qaydalarını pozub, buna görə dövlət yol polis əməkdaşı, 1979-cu il təvəllüdlü Hüseynov Əbuzər Cəbrayıl oğlu tərəfindən saxlanılıb. Polis sənədləri yoxlamaq üçün əlini açıq pəncərədən içəri salarkən sürücü qəfil pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinini əlini sıxıb.
Qaydanı pozan qaza basıb. Bu vəziyyətdə polisi bir neçə metr sürükləyib. Hüseynov əlini güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN-in hospitalına çatdırılıb.
Hazırda polis həmin sürücünü axtarır. /musavat.com/