AZAL sərnişinlərini gözlətməyi peşə halına gətirib – Bakı-İstanbul təyyarəsində təmir kabusu!
İyulun 15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı -İstanbul marşrutu üzrə həyata keçirilməsi planlaşdırılan aviareys texniki nasazlıq səbəbindən bir neçə dəfə təxirə salınıb.
Patrulaz.az-a daxil olan məlumata görə, saat 16:35-də havaya qalxmalı olan təyyarə əvvəlcə planlaşdırılmış vaxtda sərnişinlərin minməsi üçün hazır vəziyyətə gətirilib. Lakin göyərtəyə daxil olan sərnişinlər bir müddət sonra təyyarədən geri qaytarılıb. Daha sonra texniki xidmət heyəti tərəfindən təyyarənin qapısında problem aşkar edilib.
Mənbənin bildirdiyinə görə, bu nasazlıq səbəbilə təyyarənin qapısı dörd dəfə təmir olunub. Hər bir müdaxilə zamanı saatlarla vaxt sərf olunub və nəticədə uçuş dəfələrlə təxirə salınıb.
Sərnişinlər bildirirlər ki, hadisə zamanı rəsmi və operativ məlumat verilməməsi, uzun müddətli gözləmə və qeyri-müəyyənlik ciddi narahatlıq yaradıb.