Azərbaycan “İbrahim sazişləri”nə QOŞULACAQ? – “ABŞ-nin sözü ilə oturub-duran ərəb ölkələri...”
“İbrahim razılaşmaları”na Azərbaycanın qoşulması lazım deyil”.
Bu fikri Suriya ətrafında baş verən proseslər, “İbrahim sazişi” və İranın vurulma səbəblərini Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Z. Əlizadə bildirib ki, Əhməd əş-Şaraa ABŞ-nin layihəsidir:
“Əhməd Hüseyn əş-Şaraa dünənə qədər “Əl-Qaidə”nin üzvü, ABŞ tərəfindən başına 10 milyon dollar qoyulmuş bir şəxs idi. Eyni zamanda Əhməd əş-Şaraa Bəşər Əsədi ABŞ-nin müttəfiqi Türkiyənin köməyi ilə yıxdı. Əhməd əş-Şaraa bir tərəfdən terrorçu elan olunurdu, bir tərəfdən isə ABŞ-nin müttəfiqi tərəfindən dəstəklənirdi. Döyüşmək üçün gedənlər hərbi bazlarda təlimə cəlb olunurdu. Onların təlimçiləri isə ABŞ hərbçiləri idi. O cümlədən İordaniya ərazisində ABŞ hərbçiləri terrorçulara təlimlər keçirdilər. Onlar diktator Bəşər Əsədə qarşı işıqlı, demokratik gələcək üçün mübarizə aparırdılar”.
“Bu sadə həqiqəti bir çoxu anlamır. Bəşər Əsəd devrildi, Əhməd əş-Şaraa Suriyanın prezidenti oldu. Bu zaman İsrail ordusu Qolan təpələri və ətrafını işğal etdi, Suriya ordusuna aid hərbi bazları vurdu. Əhməd əş-Şaraa hakimiyyətə gələndə sonra druzlara İsrail kömək etməyə başladı. Netanyahu açıq şəkildə elan etdi ki, druzlar Suriyanın dini hökumətinə tabe olmur, biz druz qardaşlarımızı heç vaxt tək tənha qoymarıq. Axtarışda olan terrorçu Əhməd əş-Şaraa ABŞ prezidenti Donald Trampla görüşdü, əl sıxdı. Tramp da bildirdi ki, Əhməd əş-Şaraa yaxşı oğlandır, biz nahaq yerə onun başına pul qoyub axtarırmışıq. Bundan sonra o Suriyaya qarşı sanksiyaları götürdü”, – deyə o, əlavə edib.
Əhməd əş-Şaraanın Bakı səfəri və “İbrahim sazişləri”nə gəldikdə isə politoloq bunları deyib:
“ABŞ istəyir ki, Suriya “İbrahim razılaşması”na qoşulsun, çünki bu, Trampın Yaxın Şərqdəki siyasətinin növbəti uğuru olacaq. Azərbaycanda İsraili dəstəkləyən siyasətşünaslar bildirirlər ki, Suriya da, Azərbaycan da “İbrahim razılaşmaları”na qoşulmalıdır. “İbrahim razılaşmaları”na Azərbaycanın qoşulması lazım deyil. Çünki Azərbaycan İsrail əlaqələri “İbrahim razılaşmaları”nda nəzərdə tutulan əlaqələrdən daha genişdir. “İbrahim razılaşmaları”nın mənasına gəldikdə, bilmək lazımdır ki, bu razılaşmalar Trampın birinci hakimiyyəti dönəmində həyata keçirilmişdi. ABŞ-nin sözü ilə oturub duran ərəb ölkələri bu razılaşmalara qoşulmuşdu. Bu razılaşmaların siyasi mənası ondan ibarətdir ki, Fələstin xalqının ikinci dövlət yaratmaq hüququnu tanımayan İsrail addım-addım satqın ərəblər tərəfindən tanınır, onun işğalçı siyasətinə qarşı heç bir tədbir görülmədən İsrailin mövcudluğu hüququ cəhətdən təsdiq edilir. Buna qarşı çıxan yeganə ölkə İrandır. İranın vurulmasının səbəbi də bununla bağlıdır”.
Səxavət Məmməd