Bakıdan Vaşinqtona SƏRT XƏBƏRDARLIQ: Zəngəzur dəhlizi Azərbaycanın milli maraq MƏSƏLƏSİDİR
“Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyi zaman-zaman bəlli olub və bu mövqe bu gün də qüvvədədir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.
Siyasi təhlilçi ABŞ-nin Türkiyədəki səfiri Tom Barakın Zəngəzur dəhlizi ilə bağlı 100 illik icarə təklifindən sonra Bakı və İrəvanın məlum reaksiyalarını şərh edib.
S. Kərimlinin sözlərinə görə, burada əsas məsələ dəhlizin açılması və onun təhlükəsizliyinin qorunmasıdır ki, bu da Azərbaycanın əsas milli maraqlarından biridir:
“Hesab edirəm ki, ABŞ-nin Ankaradakı səfirinin bu məsələyə dair açıqlaması nə Azərbaycan, nə də Ermənistan üçün xoş qarşılanacaq bir bəyanat deyil. Çünki Azərbaycanın hərbi qüdrəti və ümumilikdə dövlət gücü o səviyyədədir ki, Zəngəzur dəhlizinin həm açılması, həm də açıldıqdan sonra təhlükəsizliyinin təmin olunması Azərbaycan tərəfindən həyata keçirilə bilər. Burada əsas məsələ bölgəyə əlavə qüvvələrin gətirilməsi və bunun qətiyyən yolverilməz olmasıdır”.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, bölgədə üçüncü qüvvələrin iştirakı və ümumiyyətlə, təhlükəsizlik məsələlərində hər hansı müdaxilə cəhdləri qəbuledilməzdir:
“Hazırda Azərbaycanın öz gücü bu sahədə yetərlidir və Zəngəzur dəhlizinin təhlükəsizliyi, təbii ki, Ermənistan tərəfinin də iştirakı ilə birgə şəkildə təmin oluna bilər. Bu baxımdan, ABŞ səfirinin bu mövzuda verdiyi açıqlama, şübhəsiz ki, birmənalı qarşılanmır. Bir daha qeyd etmək istəyirəm ki, istər Amerika, istərsə də digər dövlətlər – zaman-zaman Rusiya da daxil olmaqla Cənubi Qafqazda mövcudluq yaratmaq və öz maraqlarını təmin etmək niyyətində olublar. Hətta məsələyə “100 il” kontekstində baxılması, yəni təhlükəsizliyin guya yüzillik razılaşma əsasında təmin olunması kimi yanaşmalar da, heç şübhəsiz, qəbulolunmazdır. Bu baxımdan, Azərbaycan belə bir yanaşmanı heç vaxt qəbul etməyəcək və öz gücü hesabına bölgədə təhlükəsizliyin təminatçısı olaraq qalacaqdır”.
Rafi Müslümov