Bakı-Ələt yolunda qoçuluq edib maşın əzənlər məmurdur?
Yenicag.az bildirir ki, aprelin 23-də Bakı-Ələt yolunun 34-cü kilometrində yolun əksi istiqamətinə çıxaraq axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Avtosfer.az-ın kamerasına düşüb. Bakı istiqamətində hərəkət edən sürücü qarşıdan əks istiqamətdə hərəkət edən avtomobilə yaxınlaşarkən sürətini azaldıb və onun nömrəsini qeydə aldıqdan sonra yenidən yoluna davam edib. Bundan qəzəblənən 90-SO-003 qeydiyyat nişanlı “BMW”- nin sürücüsü və sərnişini görüntüləri qeydə alan avtomobilin arxasınca gedib təhlükəli manevrlər edərək onun qarşısını kəsiblər. Bu zaman avtomobildən düşən sərnişin sürücüyə yaxınlaşarkən maşına təpik vurub. Bundan sonra onlar yenidən avtomobillə arxasıyca gedərək bir daha təhlükəli manevrlər edərək həmin sürücünün qarşısını kəsiblər. Bu dəfə avtomobildən düşən sürücü də görüntüləri qeydə alan avtomobilə təpik vurub. Nəticədə avtomobilin banı əzilib və sürücüyə maddi və mənəvi ziyan dəyib. Sürücü dərhal DİN-in 102 qaynar xəttinə şikayət edib.
Görünür ki, yolda oyun çıxararaq özlərini haqlı bilən sürücü və sərnişin kimlərəsə arxayındır. Ona görə də bu şəxslər barədə ciddi araşdırma apararaq barələrində tədbir görmək lazımdır ki, bu cür qudurğanlıq etməsinlər.
Avtosfer.az-ın əməkdaşı olan zərərçəkmiş sürücü həmin şəxslər barəsində yuxarı insatnasiyalara müraciət edəcəyini bildirir. Qeyd edək ki, həmin avtomobildə qadağan edilmiş səs siqnalı da var. Videoda səs aydın şəkildə eşidilir.
www.yenicag.az