“Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurub, biri ölüb, ikisi xəsarət alıb.
Yenicag.az xəbər verir ki, hadisələrdən biri ötən gün paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
“Bakubus” MMC-yə məxsus, 99 JH 068 dövlət qeydiyyat nişanlı “İveco” markalı avtobus yolu keçən ahıl yaşlı Mehriban Hüseynovanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Digər hadisə isə ötən gün axşam saatlarında Binəqədi rayonu 8-ci mikrorayon ərazisində baş verib. “Bakubus”a məxsus, 99 JH 075 dövlət qeydiyyat nişanlı “İveco” markalı avtobus 2 piyadanı vurub. Xəsarət alan piyadalardan biri evə buraxılıb. 1949-cu il təvəllüdlü Dinar Həmidzadə ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
***
Bakı Nəqliyyat Agentliyindən (BNA) Report-a bildirilib ki, ölümlə nəticələnən qəza piyadanın piyadalar üçün müəyyən olunmayan yerdən keçməsi səbəbindən baş verib. Hazırda məsələ bağlı həm BNA, həm də digər müvafiq qurumlar tərəfindən araşdırma aparılır:
“Hər iki hadisə ötən gün olub. Hər iki hadisə ilə bağlı məlumat daxil olan kimi BNA tərəfindən də araşdırmalar aparılır. 3 nömrəli avtobusla bağlı bildiririk ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, piyada yolu müəyyən olunmayan yerdə keçərkən avtobusun arxa hissəsinə dəyib. 6 nömrəli avtobusun iştirakı ilə olan qəza zamanı da hər iki piyada yolu piyadalar üçün müəyyən olunmayan yerdən keçməyə cəhd edərkən baş verib. Avtobus yol kəsişməsində dönərkən olub. hər iki faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Dəqiq səbəblər bundan sonra məlum olacaq”.
www.yenicag.az