Noyabrın 21-də saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisində Rzayev Elşən Yusif oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Yenicag.az-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla Binəqədi rayonu, Hökməli qəsəbəsi ərazisində tikilməkdə olan 9 mərtəbəli yaşayış binasının dam örtüyünün vurulmasına cəlb edilmiş fəhlə Rzayev Elşən Yusif oğlunun binanın damından yıxılaraq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
www.yenicag.az