Bank kartlarından çıxılan pullarla bağlı RƏSMİ AÇIQLAMA: Səbəb nədir?
Son günlər paytaxt sakinləri arasında bank kartlarından istifadə etmədikləri, hətta evdə olduqları vaxtlarda belə vəsaitin çıxılması ilə bağlı şikayətlər kütləviləşib. Sosial şəbəkələrdə yayılan iddialara görə, vətəndaşların kartlarından günün müxtəlif saatlarında bəzən gecə yarısı gedişhaqqı tutulur. Bu hal ödəniş sisteminə dair ciddi suallar və narahatlıq yaradıb.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən “K Group” MMC-nin (“BakıKart”) İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli bildirib ki, bu vəziyyət bank kartı ilə ödənişlərin xüsusi işləmə mexanizmindən qaynaqlanır.
Onun sözlərinə görə, sistem sərnişinlərin sürətli keçidini təmin etmək üçün “offline” rejimdə işləyir:
“Sərnişin kartını validatora yaxınlaşdırdıqda sistem növbə yaranmaması üçün 1 saniyədən də az vaxtda keçidi təmin edir. Hətta kartda kifayət qədər vəsait olmasa belə, gediş qeydə alınır. Bu səbəbdən ödəniş dərhal deyil, müəyyən gecikmə ilə kartdan silinir. Yəni, əməliyyat əvvəlcə təsdiqlənir, daha sonra sistem tərəfindən emal olunur”.
Aynur Kərimli vurğulayıb ki, vətəndaşlara gələn bank bildirişləri gedişin faktiki vaxtını deyil, əməliyyatın bank tərəfindən emal edildiyi anı göstərir:
“Vətəndaşların ‘kartdan öz-özünə pul çıxılır’ kimi qəbul etdiyi hallar əslində əvvəlki gedişlərin gecikmiş emalıdır. Sistemdə hər hansı əsassız və ya səbəbsiz vəsait çıxarılması baş vermir”.
Şirkət rəsmisi əlavə edib ki, bu sahədə tam şəffaflığı təmin etmək üçün yeniliklər hazırlanır:
“Yaxın zamanda sərnişinlərə təqdim ediləcək elektron qəbzlərdə gedişin dəqiq tarixi, saatı, hansı marşrut xətti və ya metro stansiyasında istifadə olunduğu açıq şəkildə qeyd ediləcək. Bu dəyişiklikdən sonra sərnişinlər bütün çıxarışları rahatlıqla izləyə biləcəklər”.
Samir Məcid













