Baş nazirin qohumu da vurulan təyyarədə öldü
Malaysia Airlines şirkətinin saytında Ukraynada vurulan təyyarənin qurbanları və onların vətəndaşı olduğu ölkənin siyahısı dərc edilib.
Hazırda 41 sərnişinin vətəndaşlığı müəyyənləşdirilir. Təyyarənin göyərtəsində 3 azyaşlının olduğu dəqiqləşdirilib. Sərnişinlər arasında ən çox Niderland vətəndaşları olub-154 nəfər. 15 ekipaj üzvü və 2 uşaq olmaqla 43 Malayziya vətəndaşı ölüb. Bu reyslə 27 Avstraliya, 1-i uşaq olmaqla 12 İndoneziya, 9 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı uçub.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Donetsk yaxınlığında vurulan təyyarənin göyərtəsində Azərbaycan vətəndaşının olmadığını bildirib.
Hadisədə 298 nəfər ölüb. Onlar arasında Beynəlxalq Səhiyyə Təşkilatının nümayəndəsi Qlenn Tomas, həmçinin QİÇS-lə Mübarizə üzrə Beynəlxalq Təşkilatın Avstraliyanın Melburn şəhərində təşkil etdiyi konfransa gedən avstraliyalılar olub.
Malayziya Baş nazirinin qohumu, nazirin babasının ikinci arvadı 83 yaşlı Puan Şri Siti Amir də vurulan hava gəmisinin göyərtəsində idi.
Bu gün daha bir möcüzə barədə məlumat yayılıb: bu reyslə Şotlandiyadan bir ailə uçmalı idi, lakin son anda onlar bileti dəyişiblər.