Baş Prokurorluqdan xarici ölkə vətəndaşlarına xəbərdarlıq – VİDEO

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları,eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Bu barədə Yenicag.az-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda bildirilir ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.