Bayramov Avropa çempionu oldu

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Yenicag.az xəbər verir ki, ikinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Bu çəkilərdə qızıl medal qazanacaq idmançılar Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.

Güləşçilərimiz günü 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Qızıl medal qazanan Turan Bayramov həm də Olimpiadaya vəsiqə qazanıb.

Güləşçilərimizdən dördü yarımfinalda mübarizə aparacaq. Əlihəsən Əmirli (48 kq) qarşılaşdığı Moldova və Ermənistan, Turan Bayramov (65 kq) Ukrayna və Ermənistan, Fuad Mayılov (80 kq) Macarıstan və Gürcüstan, İslam Abuyev (110 kq) isə Yunanıstan və Belarus idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal görüşlərini qələbə ilə başa vuran Turan Bayramov, Fuad Mayılov və İslam Abuyev finala yüksəlib. Hər üç güləşçimiz Rusiya idmançısı ilə qarşılaşıb.

Turan Bayramov (65 kq) Rusiya təmsilçisinə 9:0 hesabı ilə qalib gəlib və Avropa çempionu olub. Bu nəticə ilə o, həm də Argentinanın Buenos Ayres şəhərində keçiriləcək III Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb.

Fuad Mayılov və İslam Abuyev isə final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.

Əlihəsən Əmirli isə bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Almaniya təmsilçisinə qalib gələn güləşçimiz çempionatının bürünc medalına sahib olub.

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.