Bazar necə satıldı?
8-ci kilometr qəsəbəsində yerləşən və sakinlərin “Vosmoy bazarı” kimi tanıdığı Ticarət Mərkəzi özəlləşdirilib. Verilən məlumatlara görə, bazarın rəsmi sahibi Bəhram Qurbanovdur.
Yanvar ayının sonunda Əmlak Məsələləri Dövlət Komitəsi “8-ci kilometr Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə ötən il elan etdiyiÿinvestisiya müsabiqəsinin qalibinin fiziki şəxs olduğunu açıqlamışdı. Komitə qeyd etmişdi ki, müsabiqənin qalibi dövlət büdcəsinə 312 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə Investisiya Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1 milyon 180 min 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.
Yada salaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi “8-ci kilometr Ticarət Mərkəzi” ASC-nin səhmlərinin 99,89 faizinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. 1980-cı ildə istismara verilən bazarın investisiya müsabiqəsinə nominal dəyəri 1 milyon 29ÿ min 962 manat olan 514ÿ min 981 ədəd səhmi çıxarılmışdı.
Bu arada, dövlət başçısı İlham Əliyevin müşavirələrdə məmurlara xitabən israfçılığın qarşısının alınması, vəsaitlərə qənaət, dövlət büdcəsini böhrandan qorumaq kimi çağırışlarını yada salmaq yerinə düşər. Hökumət əlavə vergi mənbələri axtarışındadırsa, bir bazarın “su qiyməti”nə satılması nə dərəcədə uyğun variantdır?
İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, hökumətin əlavə büdcə mənbələri axtarması, israfçılığın qarşısını almaq üçün çağırışları reallıqla üst-üstə düşmür. Ekspert sözügedən bazarın ucuz qiymətə satılmasının cəmiyyətin diqqətindən yayınmadığını vurğulayır. Qeyd edir ki, belə ucuz qiymətə obyekt satışı hökumətin, konkret olaraq dövlət başçısının məlum çağırışlarını şübhə altına salır: “Baş verənlər göstərir ki, dövlət başçısının çağırışları elə söz olaraq qalır. Hazırkı bazar qiymətləri fonunda bazarın özəlləşdirilməsinin belə ucuz qiymətə rəsmiləşdirilməsi əlaqədar qurumların diqqətindən yayınmamalıdır. Ciddi şəkildə araşdırma aparılmalıdır ki, dövlətin mülkiyyətində olan və gəlirlə işləyən struktur necə özəlləşdirilir? Sözügedən obyektin real bazar qiymətinə çıxarılması yüksək vergi ödəmələri hesabına başa gəlməlidir. Çünki adi vətəndaşın hansısa bir idxal əməliyyatı həyata keçirməsi dövlət büdcəsinə ödənilən maliyyə vəsaitindən əlavə, ölkəyə ikiqat vəsait qoyuluşu deməkdir. Lakin ölkənin daxilində bu boyda obyekti özəlləşdirsələr də, ona yüksək vergi ödətdirmək istəmirlər. Ona görə də belə iri obyektlərin satışı zamanı yol verilən sapıntılar hökumətin çağırışlarıyla əməllərinin uzlaşmadığını göstərir”(qafqazinfo).