Bəqai İranın raket proqramına dair ABŞ rəsmilərinin açıqlamalarını təkzib etdi
“İranın raket proqramı Tehran və Vaşinqton arasındakı danışıqların mövzusu deyil”.
Yenicag.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib. O, ölkəsinin həmin məsələni heç bir tərəflə müzakirə etməyəcəyini vurğulayıb:
“İranın müdafiə və raket potensialı məsələsi qətiyyən danışıqlarımızın bir hissəsi olmayıb və heç vaxt heç bir tərəflə müzakirə predmeti olmayacaq”.
Bundan başqa o deyib ki, İran İsveçrənin Bürgenstok şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə öz nüvə obyektlərində yeni yoxlamaların aparılmasını müzakirə etməyib:
“Bizim BAEA-nın baş direktoru Rafael Qrossi ilə heç bir görüşümüz olmayıb. Həmçinin, agentlik tərəfindən, xüsusən də ABŞ və İsrailin zərbələrinə məruz qalan obyektlərdə hər hansı yeni yoxlamaların keçirilməsi müzakirə edilməyib”.
İslam Respublikası XİN-in nümayəndəsi həmçinin qeyd edib ki, İran rəhbərliyi ölkənin ehtiyaclarından asılı olaraq dondurulmuş aktivlərdən öz mülahizəsinə əsasən istifadə edə biləcək:
“Əsas odur ki, İranın dondurulmuş aktivləri əlçatan olur. Beləliklə, İran ölkəni zəruri mallarla təmin etmək üçün bu vəsaitlərdən istənilən şəkildə sərbəst istifadə edə bilər”.
Bəqainin sözlərinə görə, bununla əlaqədar olaraq ölkəyə heç bir məhdudiyyət qoyulmayıb./Oxu/













