!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq Muğam Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

!Reklam – Yazi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya Ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində fevralın 26-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyinin, Azərbaycan Milli Konservatoriyasının və  “Cadenza” Orkestrinin birgə təşkilatçılığı ilə “Xocalıya Ədalət” adlı tədbir keçirilib.

Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə Azərbaycan Gənclər Fondu tərəfindən elan edilən və Xocalı soyqırımını süni intellektdən istifadə edərək yaradıcı gənclərin gözü ilə işıqlandırmaq, gənclərin yaddaşına həkk etmək məqsədi daşıyan “Xocalıya Ədalət gənclərin gözündə” adlı süni intellekt müsabiqəsinin sərgisi təşkil edilib. Sərginin yekununda müsabiqənin münsiflər heyəti olan məşhur fotojurnalist Reza Deqati və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasovun iştirakı ilə müvafiq olaraq I, II, III yer tutan  və fərqlənən gənclərin təltifetmə mərasimi keçirilib.

Xocalı sakinlərinin, rəsmilərin, gənclər təşkilatlarının nümayəndələrinin və gənclərin iştirak etdiyi “Xocalıya Ədalət!” adlı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və  “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı Xocalı soyqırımına siyasi qiymətin verilməsinin  Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının “Xocalı Soyqırımı Günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə isə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib.

Diqqətə çatdırılıb ki, hazırda müxtəlif kommunikasiya vasitələri və resurslarından geniş şəkildə istifadə edərək Xocalı həqiqətlərini qlobal şəkildə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya Ədalət” Beynəlxalq Maarifləndirmə Kampaniyası geniş fəaliyyət göstərir.

Faciədən 32 il ötməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə tam hüquqi-siyasi qiymət verilməsə də, ötən ilin sentyabr ayında baş tutan lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də dövlət suverenliyi tam təmin olunub. Bildirilib ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə bu torpaqlarda ədaləti bərqərar edib. Bütün bunlar bu illər ərzində gənclərin vətənpərvər və ümummilli məsələlərdə fəal olaraq yetişdirilməsinin bariz nümunəsidir. Faciədən illər ötsə də, Azərbaycan xalqının öz başına gətirilən bu hadisələri heç zaman unutmayacağını və gələcək nəsillərə ötürəcəyi tədbirdə qeyd olunub.

Tədbir zamanı 32 il öncə Xocalıda donmuş ananın qucağında öldüyü güman edilən 2 yaşlı körpə – Kübra Mahmudova və onun xilaskarı Əsəd Fərəcov haqqında “Belə-belə işlər” komandası tərəfindən “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində hazırlanan videosüjet nümayiş edilib.

Tədbirin bədii hissəsində “Cadenza” Orkestrinin təqdimatında “Lay-lay”, “Matəm odası”, “Aria”, “Adagio”, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivinin təqdimatında “Çanaqqala” oratoriyasından “Ninni”, “Azərbaycan” və gənc musiqiçilərin təqdimatında müxtəlif musiqi əsərləri səsləndirilib.

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv