Müğənni Vasif Məhərrəmli saqqalla efirə çıxan həmkarlarını qınaq atəşinə tutub: “Kişinin üzü başı hər zaman tər-təmiz olar. İnciməsin uşaqlar, hamısı saqqalda gəzir. Saqqalda gəzən necə təmiz ola bilər? Mən bunu başa düşmürəm. Təzə dəb çıxıb. Saqqalı uzadırlar. Bir topa da çənələrində… Qıraqdan baxanda da insan təmiz görsənmir”.
Müğənninin bu fikirləri cəmiyyətdə narazılığa səbəb olub.
İlahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında saqqal saxlayanlar və ya digərləri barədə belə təhqiredici fikirlər səsləndirməyə heç kimə haqq verilməyib: “Kimin nə deməyindən asılı olmayaraq, deyilən söz önəmlidir. Faktiki olaraq hazırda dünyanın bir çox yerlərində saqqal saxlayanlar da var. Bunu bəziləri İslam dini ilə əlaqələndirsə də, dünyanın əksər ölkələrində sadəcə olaraq bir dəb və yaxud seçim hüququ olaraq saqqal saxlayırlar. Saqqalla gəzənlərin təmiz olmasına şübhə etmək, belə sözlər işlətmək isə ən azından öz əcdadına, tarixinə söz atmasıdır. O demək deyil ki, kimsə uzun saç saxlayırsa, deməli bütün günü kir içindədir. Xeyir, saçını da yuyur, təmiz saxlayırlar. Özüm saqqal saxlamasam da, saxlayanlar onun təmizliyinə önəm verir, onu darayırlar. Bu günləri elmi şəkildə də saqqalın kişilər üçün çox əhəmiyyətli bir məsələ olduğu təsdiqini tapıb. Demokratik ölkə vətəndaşlarının heç birinə belə bir haqq verilmir ki, saqqal saxlayanlar haqqında təhqir formasında hər hansı bir fikir bildirilsin. Onda saqqal saxlayanlar da deyə bilərlər ki, bəzi kişilər də üzlərini kremləyir, bu da doğru olmaz. Ona görə hər kəs bir-birinə hörmətlə yanaşmalıdır”.
ELÇİN
www.yenicag.az