Valideynlərin əksəriyyəti övladları hələ ana bətnində olandan onlara ad axtarır. Bəzən bu proses ana və ata üçün çətin gəlir. Çünki uşağa qoyulan adlar onun bütün həyatına, psixologiyasına ciddi şəkildə təsir edir, ona görə də valideynin üzərinə böyük məsuliyyət düşür. Onlar bir çox amilləri nəzərə almalıdırlar.
Bəs həmin amillər hansılardır?
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Gülər Məmmədova fikirlərini bildirib.
O qeyd edib ki, adın düzgün qoyulmaması uşaqlarda özgüvəni aşağı salır. Valideynlər adın övladı hər yerdə təmsil edəcək faktor olduğunu unutmamalıdırlar:
“Analar və atalar adları özlərinin maraqlarına, keçmiş ənənələrinə sadiq qalaraq ad seçməməlidirlər. Onlar öz uşaqlarına mənalı ad qoymalıdır. Hər bir övladın inkişafında, özünü dəyərli hiss etməsində adın da mühüm rolu var. Bəzən adlarını bəyənən, mənasını dərk edən uşaqlar sanki ona uyğun davranmağa, layiq olmağa can atırlar”.
Gülər Məmmədova vurğulayıb ki, adın düzgün qoyulmaması uşaqlarda özgüvəni aşağı salır. Həmçinin ad bir neçə dildə çox rahat şəkildə səslənməlidir:
“Bəzi valideynlər uşaqlarına ya film qəhrəmanlarının, ya da rəhmətə gedən qohumlarının adlarını qoyurlar. Hansı ki, o adlar qəribə səslənir və heç bir məna ifadə etmir. Həmin adlar uşaqlarda kompleks yaradır. Belə olan halda uşaqlar adlarını deyərkən utanır və sıxılırlar. Adların fərqli-fərqli dillərdə rahat səslənməsi də önəmli amildir”.
Nuray Məmmədzadə
www.yenicag.az