“Bəzi xarici və yerli dairələrin Paşinyan iqtidarı üzərində təsiri aradan qalxmadığı üçün…” – ŞƏRH

“Ermənistan hakimiyyətinin son addımları bütövlükdə cəmiyyətdə və onun müxtəlif kəsimlərində eyni cür qarşılanmır”.

Bu fikirləri Ermənistan hakimiyyətinin üzərinə götürdüyü öhdəliklərin icrasını sürətləndirmək cəhdlərinin ölkə cəmiyyətində doğurduğu ovqatı dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.Politoloqun sözlərinə görə, hazırda Ermənistanın ictimai rəyi üç faktor əsasında formalaşır və yönləndirilir:

“Təbii ki, məlum son olaylardan sonra Ermənistan hakimiyyətinin öz üzərinə götürdüyü öhdəliklərin icrasını sürətləndirməyə çalışması bütövlükdə cəmiyyətdə və onun müxtəlif kəsimlərində eyni cür qarşılanmır.

Bu baxımdan, Laçından keçəcək alternativ yolun çəklişində işlərin intensivləşməsi, əhalinin nəzərdə tutulan yaşayış məntəqələrini boşaltmalarına hazırlıqların görülməsi və başqa məsələlərə münasibətdə ziddiyyətli mövqe ifadələrinə rast gəlinir.

Qeyd edə bilərik ki, hazırda Ermənistanın ictimai rəyi üç faktor əsasında formalaşır və yönləndirilir. Onlardan birincisi Paşinyan hökumətinin mövqeyidir. Hiss edilir ki, Ermənistan hökuməti bu addımların atılmasının vacibliyini cəmiyyətə tam açıq formada olmasa da, çatdırmağa çalışır, əhalini bunun alternativinin yoxluğuna inandırmağa cəhd göstərir.

İkincisi Ermənistanın sıravi vətəndaşlarının mövqeyidir. Onların çoxu bu mənasız müqavimətin yaratdığı səfalətin sona çatmasında maraqlı görünürlər. Bu üzdən də hökumətin normallaşdırma istiqamətində addımlarını loyal qarşılamağa meyillənirlər.

Üçüncü amil Ermənistandakı revanşist qüvvələrin yanaşmasıdır. Bu kəsim Paşinyanı hələ də məğlubiyyətin əsas günahkarı sayır və onun devrilməsinə çalışır. Lakin revanşistlərin təşkil etdikləri davamlı etiraz aksiyaları göstərdi ki, bu qüvvələrin öz məqsədlərinə çatmaları asan deyil.

Təbii ki, Paşinyan iqtidarının son addımlarında əsas təsiredici amil Azərbaycanın məcburetmə siyasətidir. Göründüyü qədər, bu dönəmdə Paşinyanı daha sürətli addımlardan çəkindirən səbəblər də var. Bu sırada müəyyən xarici və daxili mərkəzlərin rolu da nəzərə alınmalıdır.

Həmin dairələrin Paşinyan iqtidarı üzərində təsiri aradan qalxmadığı üçün hökumət bu çərçivədə ehtiyatlı davranmağa cəhd edir. Amma bütün hallarda Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayına bilməyəcək. Bu, birmənalıdır”.

A.Zeynalov

COP29