Dünən “Nigarançılıq” televiziya tamaşasına baxdım. Cəlil Məmmədquluzadənin əsəri əsasında rejissor Ramiz Həsənoğlunun ərsəyə gətirdiyi tamaşada baş rolu Yaşar Nuri canlandırır.
Yalan nə deyim, tamaşanı acgözlüklə izlədim, necə deyərlər bir nəfəsə… Baxmayaraq ki, bu teletamaşanı dəfələrlə seyr etmişəm, hər dəfə də eyni zövqü almışam, bezməmişəm, yorulmamışam. Əksinə, ruhum dincəlib, zövqümün pası təmizlənib. Yenə də baxaram, yenə də doymaram. İnanıram ki, mənim kimi nə qədər tamaşaçı sevə-sevə bu tamaşanı izlədi.
Nə gizlədim, bir az da qəzəbləndim. Axı niyə Azərbaycan tamaşaçısı belə gözəl tamaşalara yox, acı bağırsaq kimi uzanan mənasız, bayağı seriallara, hırıltıdan o yana keçməyən ucuz, şit komedixanalara baxmaq məcburiyyətində qalmalıdır. Niyə bu əzabı yaşamalıdır axı?
İnsan axı yalnız hırıldamaqla dincəlmir. O həm də düşünmək, zövq almaq, eyni zamanda, ruhunu dincə qoymaq istəyir. Qoy olsun, çəkilsin o bayağı seriallar. Sənətin “s” hərfindən xəbəri olmayan bəziləri “genəlib, hava atsınlar”. Sözüm onda yox. Amma heç olmazsa, tarazlıq qorunub saxlansın. İki-üç, lap elə beş bayağı serial çəkiləndə bir dənə də keyfiyyətli, peşəkar rejissor, ssenarist və aktyorların təqdimatında “Nigarançılıq”, “Göz həkimi”, “Ordan-burdan”, “Alov” “Ac həriflər” və digər teletamaşalar səviyyəsində tamaşalar ortaya çıxarılsın. Başqa vaxt “tamaşaçı istəmir”, “onun zövqü indi başqadır”, deyib tamaşaçıların adından danışan, reytinq davasına çıxan telekanallar öz menyusunu təqdim etsin. Adından danışılan o tamaşaçı da özünə, intellektinə, zövqünə uyğun olaraq seçimini etsin, nəyə baxıb, nəyə baxmaq istəmədiyini özü müəyyənləşdirsin.
Hə, razılaşıram, ssenari problem ola bilər. Var da.. Maraqlı, yeni ssenarilər yoxdursa, yazılsın. Dramaturqlara sifariş verilsin. Bunu da etmirsinizsə, klassikaya müraciət etmək olar. Peşəkar rejissorlarımız da var. Ramiz Həsənoğlu ki sağdır, Allah canına sağlıq versin. Peşəkar aktyorlarımız da var. Bir az da onlar öz işləri ilə məşğul olsunlar. Onsuz da evdə oturub, kinoya çəkiləcəkləri günü gözləyə-gözləyə saçları-saqqalları ağarıb. İndi də bir az onlar çalışsın, həm özləri mənəvi cəhətdən dincəlsin, həm də tamaşaçı zövq alsın. Küçədən keçən, bədən şəkilləndirmə əməliyyatları ilə ora-burasını gözəlləşdirərək, rejissorları ovsunlayan “gözəlçələr”, bir-iki rolikə çəkilib, özünü Carli Caplin hesab edənlər də bir az istirahət etsinlər.
Mən dediyimi dedim, bəs siz nə deyirsiniz?
www.yenicag.az