“”Şamaxinka”da yolu genişləndirmək mümkündür və alternativ olaraq sağa istiqamətlənməklə Şərifzadəyə qovşaq yaratmaq olar ki, bu da yolun ötürücülük imkanlarını artırar”.
Bu sözləri Bakı-Sumqayıt yolunun bitməyən tıxac probleminə münasibət bildirən iqtisadçı-ekspert Razi Abasbəyli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatı hər il tək Bakı-Sumqayıt yolunda milyonlar itirsə də, uzun zamandır bu problem həll olunmur:
“Əsas tıxac Masazır dairəsindən sonra başlayır. Ekologiya postunu ləğv etməklə, birbaşa olaraq Sulutəpə dairəsinə və Xocahəsən yoluna çıxış yaratmaq olar. Söhbət Sulutəpə istiqamətindən sağa, Bakı-Şamaxı yoluna istiqamətlənməkdən getmir. Söhbət yeni inşa edilmiş və Avtoğazal istiqamətinə yönələn körpü qoluna birbaşa çıxışdan gedir. İkinci yolun ötürücü imkanları Avtoğazalın girişində yaranır. Buna səbəb kimi “Şamaxinka” istiqamətində ötürücü yolun daralmasıdır. Şamaxinkada yolu genişləndirmək mümkündür və alternativ olaraq sağa istiqamətlənməklə Şərifzadəyə qovşaq yaratmaq olar ki, bu da yolun ötürücülük imkanlarını artırar. Avtovağzaldan Tbilisi prospekti istiqamətindəki tunelin üstü təmamilə istifadəsiz bir ərazidir. Mühəndis istehkamçılar həmin ərazini bərkidərək o hissədən istifadə edə bilərlər.
Ən ciddi sıxlıq yenə də Ekologiya postundan sonra yaranır. Sumqayıt istiqamətində tunel genişdir və normal ötürmə qabiliyyətinə malikdir. Lakin sola Xırdalan istiqamətinə, həm də sağa Binəqədi (DYP) istiqamətinə hərəkət yolu iflic edir. Bu ərazidə də yolu genişləndirmək mümkündür. Eyni zamanda sola Xırdalana, sağa Binəqədiyə hərəkət saxlanılmaqla düz istiqamətdə Sumqayıta hərəkət qadağan edilməlidir. Çünki burada tıxacın yaranmasına səbəb “1 manatlıq taksilər” və marşrutlardır. Binəqədi və Xırdalan istiqamətindən Sumqayıta getmək istəyən nəqliyyat vasitələri üçünsə, Sulutəpə dairəsindən istifadə etməklə tunelin içi ilə hərəkəti davam etdirməsi mümkündür.
Eyni zamanda, Masazır dairəsindən sağa Masazır kəndi istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün yolötürücü imkanları məhduddur. Burada körpüyə çıxmazdan əvvəl yolun sağı genişləndirilə bilər. Yəni bu yol yalnız Masazır, Sumqayıt, Xırdalan (körpünün altından) istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulmalıdır.
Gülşən Şərif
www.yenicag.az