!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biz rüşvətxorlara "müəllim" deyəndə bu adı alçaltmışdıq - Aqil Bəkir yazır

!Reklam – Yazi

Ta balacalıqdan bəri müəllimlik peşəsinə olan marağım məni bu ixtisasa yiyələnməyə sövq etdi. Universitetin 3-cü ilində anladım ki, Azərbaycanda müəllim olmağın yükü çox ağır imiş.

Təcrübəyə getdiyim məktəblərdə müəllimlərin yeni proqrama uyğun dərs keçmək üçün evlərindəki divar kağızından istifadə etmələri, valideynlərin hər cür töhmətinə dözmələri, bu yetməzmiş kimi, direktorların təzyiqinə məruz qalmaları məni düşünməyə vadar etdi və mövcud şərtlərlə müəllim kimi işləyə bilməyəcəyimə qərar verdim. Sonrası isə məlumdur: Jurnalistika, magistratura, indi də doktorantura. Sanki elm aləmində vəziyyət başqadır.

Əslində, istədiyim şey mənə hörmət edilməsiydi. Bunun yolunu da müəllim olmaqda gördüm. Çünki ağlım kəsəndən bəri qalstuk taxmış birinə hər zaman “müəllim” kimi xitab edildiyinin, hər kəsin onun başına pərvanə kimi döndüyünün şahidi olmuşdum. Amma “müəllim” kimi xitab edilən həmin şəxslərin, əslində, rüşvətxor, naqis, hətta….  olduğunu çox sonralar dərk etdim. Onda sorğulamağa başladım: Niyə “müəllim”? Çünki müəllim azərbaycanlıların ən çox hörmət etdiyi şəxs olub, sosial status dəyəri daşıyıb. Bəli, “daşıyıb”, çünki artıq belə bir şeydən söhbət gedə bilməz. Yuxarıda xüsusiyyətlərini yazdığım şəxslərə “müəllim” kimi xitab edilməsi onların “hörmət”ini artırmaqla yanaşı, müəllimin gerçək dəyərini onların səviyyəsinə endirdi.

Son günlərdə isə ən çox müzakirə olunan mövzu iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-nun keçid balını toplaya bilməməsi və çox asan sualları cavablandıra bilməməsidir. Acınacaqlı vəziyyətdir. Lakin vəziyyətin acınacaqlı olmasının səbəbini təkcə müəllimlərin üzərinə də yükləmək olmaz. Yanlış anlaşılmasın, öz ixtisası ilə bağlı sualları belə cavablandıra bilməyən müəllimlərin tərəfkeşliyini etmirəm, lakin bütün müəllimlərin günahkar çıxarılmasını da istəmirəm. Hazırda soyuq başla fikirləşmək, götür-qoy etmək, sorğulamaq lazımdır: Ali təhsil müəssisələrindəki pedaqoji kadr hazırlığının səviyyəsi necədir? Yeni təhsil proqramı ali məktəblərdə tam oturuşmadığı halda, müəllimdən auditoriyada bu proqramla dərs keçməyi tələb etmək nə dərəcədə düzgündür? Məktəblərin maddi-texniki bazası buna imkan verirmi? Mən hələ məktəblərdəki valideyn hegemoniyasını qeyd etmirəm. Üstəlik, son zamanlarda müəllimliyin və müəllimlərin gözən salınması üçün sanki geniş kampaniya başladılıb. Bu çox barizdir.

Bu problemlərlə bağlı dəfələrlə yazmışam və artıq təkrara düşməmək üçün bu dəfə yazmamağa qərar verdim. Lakin Səxavət Məmməd demiş, “ekspert” adı ilə ortada gəzənlərin və Elm və Təhsil Nazirliyinin sözçüsü vəzifəsini üstlənənlərin müəllimlərə qarşı açdığı haqsız savaşı kənardan izləyə bilməzdim.

Ümid edirəm, bir gün müəllimlərimiz haqları olan dəyəri görə biləcəklər.

COP29

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv