ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh müqaviləsinin bağlanması imkanlarını müzakirə edib.
Yenicag.az xəbər verir ki, bu, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin geniş yayılmış bəyanatlarında deyilir.
Bəyanata görə, Blinken “Azərbaycan və Ermənistan arasında güclü və təmsilçi sülh sazişinə sadiqliyinə görə prezident Əliyevə təşəkkür edib”. ABŞ dövlət katibi “uzun müddətdir davam edən münaqişənin həm Azərbaycana, həm də Ermənistana əzab gətirdiyini” deyib, habelə qeyd edib ki, sülh sazişi “regionda hər kəsə fayda verəcək”.
Bundan əlavə, Blinken Əliyevlə ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətləri müzakirə edib, “son narahatlıqları qeyd edib”, “əməkdaşlığın gücləndirilməsi imkanlarına” toxunub.
Digər bəyanatında ABŞ-ın xarici siyasət mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Blinken Paşinyanla söhbətində “ABŞ-ın sülh müqaviləsinə nail olmaq səylərinə dəstəyini müzakirə edib”.
Eyni zamanda, dövlət katibi “Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini” bəyan edib və “Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq üçün səyləri” qeyd edib.
www.yenicag.az