BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitir
Bu gün maliyyə naziri Sahil Babayev BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı səlahiyyət müddətinin bitməsi münasibətilə qəbul edib.
Yenicag.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, görüşdə oktyabrda Azərbaycan Hökuməti və BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ətrafında fikir mübadiləsi aparılıb. Sənədin milli inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə uyğunluğu, eləcə də onun praktiki nəticələrə çevrilməsi imkanları müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış Çərçivə Sənədi “2022–2026 Sosial-İqtisadi İnkişaf Strategiyası”na uyğun olaraq Azərbaycanda inklüziv iqtisadi artımın təşviqi, insan inkişafının gücləndirilməsi, iqlim və ekoloji dayanıqlığın artırılması, eləcə də “yaşıl artım” və ədalətli keçid məqsədlərinə xidmət edən əsas platforma rolunu oynayacaq.
S.Babayev Azərbaycanın milli inkişaf gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə formalaşmış çoxşaxəli tərəfdaşlığının əhəmiyyətli rol oynadığını vurğulayıb, həmçinin bu tərəfdaşlığın daha da genişləndirilməsi və təşəbbüslərin səmərəli icrası istiqamətində Azərbaycanın mövcud prioritetlərini qarşı tərəfin diqqətinə çatdırıb.
V. Andreyeva Azərbaycanda dörd il yarımdan artıq davam edən səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında formalaşmış yüksək səviyyəli tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkürünü bildirib. O, bu əməkdaşlığın Azərbaycanda milli inkişaf gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin icrasında mühüm rol oynadığını qeyd edərək, BMT-nin Azərbaycanla əməkdaşlığının, xüsusilə də “2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası vasitəsilə davam etdirilməsinə sadiqliyini bir daha vurğulayıb.
Sonda nazir rezident əlaqələndiricinin fəaliyyəti dövründə BMT ilə Azərbaycan arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.












