Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin səfirləri Ukrayna və Moldova ilə üzvlük danışıqlarının başlanmasına razılıq veriblər. Danışıqların ilk mərhələsinin bazar ertəsi keçiriləcək hökumətlərarası konfransla start götürəcəyi bildirilib.
Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, qərar cümə günü Brüsseldə keçirilən görüşdə qəbul olunub.
Danışıqların ilkin mərhələsi namizəd ölkələrin Aİ standartlarına uyğunlaşması üçün qanunvericilik və idarəetmə sahəsində islahatları əhatə edən “fundamental klaster” üzrə aparılacaq.
Aİ liderləri Ukrayna və Moldova ilə üzvlük danışıqlarının açılmasına hələ 2023-cü ilin dekabrında razılıq vermişdilər. Lakin Macarıstanın əvvəlki hökumətinin etirazı səbəbindən proses gecikmişdi. Budapeştdə yeni hökumətin formalaşmasından sonra Kiyev və macar azlığının hüquqları ilə bağlı razılıq əldə edilib və blok aradan qaldırılıb.
Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen birgə bəyanatda bildiriblər ki, bu qərar hər iki ölkənin həyata keçirdiyi islahatların və göstərdiyi səylərin nəticəsidir.
Qeyd olunub ki, Aİ-yə üzvlük danışıqları uzunmüddətli prosesdir və genişmiqyaslı siyasi, iqtisadi və hüquqi islahatların həyata keçirilməsini tələb edir.













