Daşınmaz əmlak bazarı: Qiymət artımı nə vaxta qədər davam edəcək?
“Nə qədər ki, alternativ investisiya istiqamətləri aktual deyil, nə qədər ki, vətəndaşlar alternativ investisiya yatırımları üçün fondlar, birjalar və digər bu kimi istiqamətlərə üstünlük vermirlər, onları gəlirli hesab etmirlər, o zaman təbii ki, daşınmaz əmlak yeganə prioritet kimi qalır. Buna görə də dəyərini də artırmağa davam etdirəcəkdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Azərbaycanda daşınmaz əmlak bazarında son illərdəki qiymət artımını şərh edərkən deyib.
Ekspert daşınmaz əmlak bazarında bahalaşmanı bir neçə amillə əlaqələndirib:
“Daşınmaz əmlak hazırda yeganə investisiya cazibədarlığı yüksək olan istiqamətdir. Nə alternativ bank sisteminə depozit qoyulması, nə də fərqli biznes sahələrinə yatırım edilməsi, nə də əlavə ticarət və xidmət daşınmaz əmlak qədər gəlir əldə etməyə imkan yaradır. Bu da daşınmaz əmlakı cəlbedici edir. Son beş ili götürsək, hər il daşınmaz əmlak bazarı 10-15 faiz gəlir artırıb. Eyni zamanda onun faydalı məhsuldar istifadəsi əlavə gəlir əldə etməyə imkan yaradıb. Əmlak sahibi istər icarə, istər kirayəsindən əlavə ikiqat dəyər əldə etmiş olur. Bu da təbii ki, vətəndaşlara cəlbedici görünür. Eyni zamanda bu istiqamətdə risklər də azdır. Fors-major hadisə baş verməzsə, daşınmaz əmlak hər hansı bir problemlə üzləşmir”.
Makroiqtisadi amillərin də rol oynadığını deyən Vüqar Oruc qiymət artımının cari ilin sonuna qədər də davam edəcəyini bildirib:
“Qiymət artımına makroiqtisadi amillər də təsir göstərir: manatın alıcılıq qabiliyyəti, iqtisadiyyatın böyüməsi, daşınmaz əmlaka olan tələbat, urbanizasiya və s. Bunların hamısı nə qədər aktual olacaqsa, qiymət artımı davam edəcək. Əvvəlki illərdəki qədər olmasa da, 2026-cı ilin sonuna qədər bahalaşma davam edəcək. 2027-ci ildə yeni komplekslərin tikintisi, yaxud da yeni layihələrin icrası zamanı da qiymət artımı gözlənilir. Tutalım bir yol, yaxud da tramvay xətti çəkilirsə, təbii ki, həmin ərazidə daşınmaz əmlak qiymətlərinin dəyəri yüksələcək. Bundan əlavə, Bakı şəhər Baş Planına əsasən, qəzalı vəziyyətdə olan və istismar müddəti bitən binalar sökülür, onların yerində yeni binalar tikilir. Bu da qiymətlərin artmasına səbəb olur”.
Cəvahir













