Reklam

Reklam

Azərbaycanda əməkhaqqı, pensiya, müavinət və təqaüd kartları həm milli qanunvericiliyin, həm də beynəlxalq aləmdə qəbul edilmiş sağlam bank praktikası tələbləri baxımından misli görünməyən hüquq pozuntusu ilə buraxılır.

Yenicag.az xəbər verir ki, bunu hüquqşunas Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na əsasən belə kartlar üzrə hər bir vətəndaşla bank ayrıca bank hesabı müqaviləsi bağlamalı və kart həmin hesaba bağlanmalıdır:

“Əslində, müqavilə imzalanmır, kart isə işəgötürənə və ya pensiya/müavinət/təqaüd buraxan təşkilata mənsub olan vahid bank hesabına bağlanır. Vətəndaşlara sadəcə, kartlar paylanır, vəssalam! Nəticədə, sözügedən Qaydalarla yanaşı bir neçə qanunun da tələbləri pozulur”.

Həsənov bildirib ki, Mülki Məcəllənin 6.1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindən biridir. Heç bir xidmət sahəsində müqavilə bağlamadan müştəri olmaq mümkün deyil. Sözügedən halda isə biz məhz bunun şahidiyik. Vətəndaşlar məcburi şəkildə müvafiq bankın müştərisi edilir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq, malların və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi istehlakçıların hüquqlarından biridir. Sözügedən halda isə istehlakçı seçim imkanından məhrum olur.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsinə əsasən bank müştərisinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir. Lakin sözügedən halda bu, baş vermir və deməli, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riski yaranır. Eyni zamanda ölkəmiz beynəlxalq aləmdə reputasiya riskinə məruz qalır.

Hüquqşünas borca görə kartından pul tutulan vətəndaşlara məsləhət də verib:

“Belə olan halda əməkhaqqı alan maaşını işəgötürəndən, pensiya alan isə Dövlət Sosial Müdafiə Fondundan tələb etsin! O cümlədən məhkəməyə də müraciət etmək lazımdır. Çünki pulun sizin kartınıza oturdulması onun sizə verilməsi demək deyil. Kart sizin hesaba bağlı deyil, pulu sizə ödəyənin hesabına bağlıdır. Deməli, bankın onu tutmaq hüququ yoxdur! Tutursa belə, bu, sizin deyil, pulu sizə ödəyənlə bankın problemidir. Haqqınızı tələb edin! Bir sözlə, bank sistemimizdə savadsızlıq, özbaşınalıq və dərəbəylik baş alıb gedir. Buna görə də sözügedən problemlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət göndərmişəm. Konkret heç bir şəxsə ünvanlamamışam, çünki oradakı daxili hərc-mərclik nəticəsində heç nəyin başı ilə ayağı bilinmir. Hər bir halda Palata sistemə etimadı bərpa etmək istəyirsə, qanuna əməl etməlidir!”

Emin Səfərov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4882
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."