!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Borçalı” uğrunda amansız mübarizə: Sədr istefa ərizəsi yazdı, yeni rəhbər hansı oliqarx məmurun adamı olacaq?

!Reklam – Yazi

“Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədovun postundan istefa verdiyi bildirilir.

Yenicag.Az xəbər verir ki, bu gun Borcali İctimai Birliyi İdarə Heyətinin iclasında qurumun rəhbəri Kərəm Məmmədov sədr vəzifəsindən istefa ərizəsini təqdim edib.

Xəbəri dəqiqləşdirmək üçün əlaqə saxladığımız Kərəm Məmmədov Yenicag.Az-a açıqlamasında məlumatı təsdiq və ya inkar etməyərək, iclasın hələ yekunlaşmadığını deyib:
“İclas hələ davam edir, görək, ağsaqqal, qarasaqqal nə deyir. Mənə çox maraqlıdır ki, iclas başa çatmadan bu məlumatı jurnalistlərə kim sızdırıb? Qoy iclas qurtarsın, bütün məsələlərə aydınlıq gələcək”.

İctmai Birliyin Nizamnaməsinə və QHT-lər haqqında qanuna görə, sədr istefa verdikdə, onun səlahiyyətlərini sədrin 1-ci müavini Vahid Qurbanov icra etməlidir.
Məlumata əsasən, İdarə Heyətinin iclasında Birliyin Konfransının çağırılması üçün İşçi Qrupu yaradılıb. İclasda həmçinin İdarə Heyətinin üzvü Firudin İsmayılov da istefasını elan edib.

Bəs son illərdə Gürcüstandakı soydaşlarımızın yaralı barmağına ilk tibbi yardım etmək əvəzinə qalmaqallarla gündəmə gələn, Kərəm Məmmədov kimi ziyalının belə sakitıəşdirə bilmədiyi “Borçalı”da bundan sonra nə baş verəcək?
Maraqlıdır ki, kürəkən-qayın olan Standartlaşdırma Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycanın Brazilyadakı səfiri Elxan Poluxovun “Borçalı”nın sədri postuna öz adamlarını gətirmək istədiklərinə dair məlumatlar yayılır.  Bundan başqa Gürcüstanda fəaliyyət göstərən və hazırda oradakı səfirliyimiz ilə “döyüşən” iri enerji şirkətinin də bu savaşda tərəf olacağı bildirilir. Hakimiyyətdə nüfuz sahibi olan bir sıra məmurların da bu savaşda yer alacağı istisna edilmir.

İstənilən halda bu mübarizənin Bakıdakı Borçalı icması daxilində ciddi qarşıdurma yaradacağı gözlənilir.

Qeyd edək ki, yazı yayımlandıqdan az sonra Kərəm Məmmədov istefa ərizəsini sosial media hesabından yayıb. İstefa ərizəsini olduğu kimi təqdim edirik:

Borçalı İctimai Birliyinin təsisçiləri:
Ayvaz Ayvazov, Hidayət Nuriyev və Şərif Kərimliyə,

Borçalı İctimai Birliyinin İdarə Heyətinə

Borçalı İctimai Birliyinin sədri
Kərəm Məmmədovdan

MÜRACİƏT

Hörmətli təsisçilər və İdarə Heyətinin üzvləri!

Bir il öncə Borçalı İctimai Birliyinin konfransında mənə səs verərək Borçalı İB-nin sədrliyinə seçənlərə göstərdikləri etimada görə dərin təşəkkürümü bildirirəm.

Borçalı İctimai Birliyinin sədri kimi Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin müəyyən edilməsi, öyrənilməsi və həlli yollarının tapılması üçün İH-nin bəzi üzvləri ilə birlikdə əlimizdən gələni etdik. Hesab edirəm ki, Borçalıdakı soydaşlarımızın etnik kimliklərinin qorunub saxlanmasında, Avroatlantik məkanın üzvi bir hissəsinə inteqrasiya etməkdə olan Gürcüstan cəmiyyətinin tam hüquqlu vətəndaşlarına çevrilmələrində əsas hədəf təhsil olmalıdır. Bir il ərzində obyektiv və subyektiv səbəblər üzündən düşündüklərimizin hamısını həyata keçirə bilməsək də, soydaşlarımızın problemlərinə biganə qalmayan Azərbaycan vətəndaşlarının, ziyalıların və dövlət rəsmilərinin yaxından köməyi ilə bir sıra addımlar ata bildik.

Keçən ilin yayında Sadaxlı və Sarvan El Bayramlarında yaxından iştirak etdik, Respublikamızın dəyərli ziyalılarının iştirakı ilə soydaşlarımızın təhsil problemləri ilə bağlı Dəyirmi Masa təşkil etdik, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımız üçün Azərbaycan dövlətinin dəstəyi ilə xeyli dərs vəsaiti və bədii ədəbiyyat göndərilməsinə nail olduq. Azərbaycanımızın tanınmış tarixçiləri və siyasətçilərinin də iştirak etdikləri növbəti Dəyirmi Masa gürcüstanlı soydaşlarımızın Azərbaycanın milli-mənəvi dəyərlərinin zənginləşməsindəki xidmətlərinə həsr olundu, İH-nin üzvləri ilə birlikdə 20 Yanvar, Xocalı, 31 Mart şəhidlərini anma mərasimlərində, Gürcüstanda keçirilən Novruz bayramı tədbirlərində fəal iştirak etdik. Novruz bayramı günlərində Borçalı ziyalıları ilə görüş keçirib,onları maraqlandıran sualları cavablandırdıq.

Hesab edirəm ki, təkcə idarə heyətində təmsil olunub-olunmamasından asılı olmayaraq bəzi soydaşlarımızın ümumi işlərə olan biganəliyi və mənəm-mənəmlik iddiaları olmasaydı daha böyük işlər görə bilərdik.

Biz – Borçalının aydınları həmişə həyəcan təbili çalaraq bildirmişik ki, Borçalı elə bir strateji məkandır ki, burada dünyanın bütün güc mərkəzlərinin ideoloqları, siyasətçiləri milli azlıqların hissləri ilə oynayır, Qafqaz xalqları arasında etimadsızlıq, milli ayrıseçkilik toxumları səpirlər. Çox təəssüflər olsun ki, onlar bu əməllərini bəzən həyata keçirməyə də nail olurlar. 2016-cı ildə yenidən saflaşdırmağa, durultmağa çalışdığımız Birlik bacardığı qədər bu bəd əməllərin qarşısını almağa çalışdı.

Əziz soydaşlarım, hesab edirəm ki, ictimai təşkilatın sədri olmaq hər hansı zənginlik və firavanlıq mənbəyi ola bilməz. Reallıq budur ki, maddi dayaqları zəif, yaxud heç olmayan ictimai təşkilatın fəaliyyəti güclü ola bilməz. Əziz eloğlularım, Borçalı təkcə Borçalı İctimai Birliyinin təsisçilərinin, Birliyin sədrinin deyil. Hamımız bu elin oğluyuq, onun suyunu içib, havasını udmuşuq. Borçalıya ancaq dünyadan köçmüşlərimizin baş daşlarının tozunu silmək üçün yox, orada yaşayan soydaşlarımızın dərdlərinə şərik olub, onların qayğısına qalmaq, ulularımızın ruhları dolaşan o müqəddəs torpaqlara ancaq kef məclisləri açmaq üçün yox, o yurda can vermək üçün getməliyik. Borçalı İctimai Birliyinin fəaliyyətini daha da canlandırmaq üçün gəncləri bu işə qoşulmağa çağırır, eyni zamanda Borçalımızın adını daşıyan ictimai birlik yaratdıqlarına görə İctimai Birliyin indi həyatda olan təsisçilərinə dərin təşəkkürümü bildirir, dünyasını dəyişənlərə isə Ulu Tanrıdan rəhmət diləyirəm.
Hörmətli təsisçilər və İH-nin üzvlər, bütün şüurlu ömrümü həsr etdiyim elmi-pedoqoji fəaliyyətim, üzərində çalışdığım “Borçalı orta əsrlərdə” mövzusundakı doktorluq dissertasiyam, “Borçalı tarixi” adlı monoqrafiyanın və “Türk xalqlarının etnoqrafiyası” adlı dərsliyin hazırlanması daha çox zaman tələb etdiyindən və səhhətimdə yaranan problemlərlə bağlı Borçalı İctimai Birliyinə bundan sonra rəhbərlik edə bilməyəcəyimi diqqətinizə çatdırır və Birliyin sədri vəzifəsindən istefamı qəbul etməyinizi xahiş edirəm. Sədrlikdən obyektiv və subyektiv səbəblərə görə istefa verməyimə baxmayaraq, bundan sonra da Borçalı İctimai Birliyinin bütün işlərində əlimdən gələn köməyi əsirgəməyəcəyimi bəyan edirəm.

Hörmətlə:
Kərəm Hətəmoğlu Məmmədov

Yenicag.Az

COP29

www.yenicag.az

1124
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv