Rütte: "Güclü Avropa güclü NATO deməkdir"
Biz Arkanzasdan Ankaraya qədər geniş məkanda müdafiə sektoruna investisiyalar yolu ilə NATO ölkələrini gücləndirməkdə qərarlıyıq.
Yenicag.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ankarada Alyansın 36-cı Dövlət və Hökumət Başçıları sammitinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, NATO-nun Ankaradakı sammitinin iştirakçıları öhdəliklərin yerinə yetirilməsinə diqqət yetirəcəklər.
“Keçən il Haaqada çox şeyə nail olduq və indi razılaşmaları həyata keçirməliyik. Bütün NATO ölkələri müdafiə xərclərinin ÜDM-in 5 faizi hədəfinə nail olması istiqamətində irəliləməlidirlər”,- deyə o qeyd edib.
NATO-nun Baş katibi, həmçinin Ankaranın alyans üçün əhəmiyyətini vurğulayıb.
“Türkiyənin NATO-dakı liderliyi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Müdafiə sənayesi sayəsində Türkiyə bir çox digər NATO müttəfiqlərinə dəstək göstərir”, – deyə Rütte əlavə edib.
Baş katib Ukraynanın dəstəklənməsi məsələsinə də toxunub: “Daha çox resursumuz və bazamız olacaq. Rusiya təhdidinə hazır olmalıyıq. NATO çəkindirmə potensialını gücləndirməlidir”.
O, həmçinin NATO modelinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. “Əvvəllər Şimali Atlantika Alyansı ABŞ-dən asılı idi. Köhnə struktur artıq qala bilməz. Güclü Avropa güclü NATO deməkdir. Biz birlikdə daha güclüyük”, – deyə M.Rütte alyans ölkələrinin qlobal iqtisadiyyatın təxminən üçdə ikisini təşkil etdiyini xatırladıb.













