Boş qalmış erməni dəbilqələrinin “TƏƏSSÜBKEŞLƏRİ”: “Əgər onlar bu qədər ləyaqətlidirlərsə…” – MÖVQE

“Bu şəxslər vətən xainləridir və onlara qarşı başqa hansısa fikir səsləndirmək mümkün deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Hərbi Qənimətlər Parkında məhv edilmiş işğalçı erməni hərbçilərinə məxsus dəbilqələrinin sərgilənməsinə yönəlik tənqidlərə münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli qeyd edib ki, keçmişdə Azərbaycanın qəhrəmanlarını “qaniçən” kimi qələmə verən bu şəxslərin belə mövqe sərgiləməsi təəccüblü deyil:

“Bunlar təəssüf doğurur. Əslində, həmin şəxslər ki, vaxtilə bizim qəhrəmanlarımıza böhtan atırdılar, erməni işğalına qarşı qəhrəmanlıq nümayiş etdirən Azərbaycanın vətənpərvər oğullarını az qala qaniçən kimi qələmə verirdilər, onların məhz belə bir mövqe sərgiləməsi təəccüb doğurmamalıdır.

Bu insanlar indiki şəraitdə yenə də öz mənafeləri üçün yararlanmaq istəyirlər. Dəfələrlə mətbuatda yayılan məlumatlarda, səs yazıları və digər bu kimi faktlarda bu şəxslərin Azərbaycan əleyhinə apardıqları təbliğatın təməlində hansı maraqların dayandığı bəlli olub. Bu şəxslər vətən xainləridir və onlara qarşı başqa hansısa bir fikir səsləndirmək mümkün deyil”.

Politoloq Hərbi Qənimətlər Parkında sərgilənən eksponatların dünyaya “işğalçının sonu budur” mesajı verdiyini bildirib:

“O ki qaldı Hərbi Qənimətlər Parkına və orada nümayiş etdirilən silah-sursata, Azərbaycanın atdığı addım, nümayiş etdirdiyi mövqe kifayət qədər humanist bir mövqedir və əslində, dünyaya bir mesajdır.

İşğalın, zülmün, başqa bir xalqı etnik təmizləməyə məruz qoymağın, qonşu dövlətlərin ərazisində gözü olmağın sonu budur. Bu, çağırışdır ki, heç bir dövlət başqa bir xalqa qarşı soyqırımı və müharibə cinayətləri həyata keçirməsin.

Əgər onlar bu qədər ləyaqətlidirlərsə, humanizm prinsiplərinə bu qədər sayğı göstərirlərsə, o zaman nədən ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri müharibə cinayətlərinə heç bir reaksiya vermədilər? Niyə xidmət etdikləri beynəlxalq təşkilatlara müraciət etmədilər ki, Ermənistanı bu cinayətlərinə görə qınasınlar?

Bu da onu göstərir ki, o adamlar erməni cinayətkarlarını himayə edən eyni mənbədən qidalanırlar. O dəbilqələr Azərbaycan ərazisinə işğalçı kimi gələn cinayətkarların boş qalmış “papaq”larıdır. Məşhur atalar sözündə deyildiyi kimi, it hürər, karvan keçər”.

Aqil Bəkir