İsrail-İran savaşı yenidən alovlanır? – Tramp-Netanyahu görüşünün GİZLİ GÜNDƏMİ

media-hightechnic-468x90

 

İsrail-İran savaşı yenidən başlaya bilər. Belə ki, İsrailin baş qərargah rəisi Eyal Zamir bildirib ki, ehtiyac yaranarsa, yenidən İranı vurmağa hazırdırlar və düşmənlərini lazım olan hər yerdə, həm yaxın, həm də uzaq cəbhələrdə məhv edəcəklər.

Yenicag.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb. Qəzetin yazdığına görə, Zamir yaradılmasından bəri İsrailin apardığı ən uzun və ən mürəkkəb “müharibənin” mərkəzində məhz İranın dayandığını vurğulayıb. O, İranın İsraili məhv etmək planlarının arxasında duran əsas qüvvə olduğunu iddia edərək, orduya düşmənlərini lazım gələn hər yerdə, həm yaxın, həm də uzaq hədəflərdə vurmaq səlahiyyəti verildiyini söyləyib.

Xəbərdə bildirilir ki, Baş nazir Binyamin Netanyahu gələn həftə ABŞ Prezidenti Donald Trump-la görüşündə İran əleyhinə yeni hücum planları təqdim edəcək.

İsrail 2024-cü ilin aprel və oktyabr aylarında İranın hava müdafiə sistemlərini hədəfləyən şiddətli əməliyyatlar həyata keçirib. 13 iyun 2025-ci ildə isə İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri və ordunun yüksək komanda heyəti genişmiqyaslı zərbələr altında qalıb. Bu hücumlar nəticəsində İranın Baş Qərargah Rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bir sıra yüksək rütbəli komandan və 9 nüvə alimi həlak olub.

İsrailə dəstək verən ABŞ 22 iyunda İranın Natanz, Fordo və İsfahan məntəqələrindəki üç nüvə obyektinə zərbə endirib. İran isə qarşılıq verərək 23 iyunda ABŞ-ın Qətərdəki Əl-Udeyd Hava Bazasını vurub. 24 iyunda isə ABŞ Prezidenti Donald Trump iki ölkə arasında atəşkəs əldə olunduğunu bəyan edib.

Bu məsələni Yenicag.az üçün şərh edən türkiyəli jurnalist Yıldıray Arslanın sözlərinə görə, “Yeni İsrail–İran savaşı riski uzun illərdir ki, regional balansı sarsıdır. Hər iki ölkənin genişmiqyaslı raket və hava hücumundan müdafiə sistemləri, eləcə də elit xüsusi təyinatlı qüvvələri var. İranın proxy şəbəkəsi və şimaldan gələn dəstək qrupları İsrailin yüksək dəqiqlikli “Iron Dome”u ilə üz-üzə gəlir. Belə bir qarşıdurma nəinki hərbi, həm də humanitar faciəyə çevrilər; yüzlərlə, minlərlə mülki şəxs zərər çəkər, enerji bazarlarında dalğalanma yenidən pik həddə çatardı”.

Yıldıray Arslan hesab edir ki, “Beynəlxalq güclər – xüsusilə ABŞ – açıq-aydın bu cür genişmiqyaslı müharibəni istəmir. Vaşinqton diplomatik kanalları maksimum səviyyədə işə salıb, tərəfləri atəşkəsə, məhdud formatlı qarşılıqlı anlaşmaya çağırır. Avropa İttifaqı, BMT və ərəb dövlətləri də bölgədəki stabilliyi qorumaq üçün istəyir ki, ziddiyyətlər siyasi müstəvidə həll olunsun. Bu baxımdan, istənilən eskalasiya beynəlxalq təzyiqləri artıracaq, sanksiyalar dərinləşəcək və İranla İsrail arasında yeni qarşıdurma daha böyük bölünmələr yaradacaq”.
Jurnalistin fikrincə, “bu məqamda “qalib” adı ilə səciyyələndiriləcək bir tərəf yoxdur. Ən real “qələbə” – müharibənin dayanması və dialoqun bərpasıdır. Beynəlxalq aktorların səyləri və regional diplomatiya uğur qazana bilsə, həm insan itkilərini, həm də turizmdən enerji təchizatına qədər geniş sahələrdəki dağıntıları minimuma endirmək mümkündür. Yalnız sülh və anlaşma yolu ilə əldə olunan sabitlik uzunmüddətli qazanclıdır”.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa