“Zəngəzur dəhlizini Şərqi Anadolunun “inkişaf koridoru” kimi qiymətləndiririk” - Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz - FOTO

media-hightechnic-468x90

 

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 12-ci Birgə Hökumətlərarası Komissiyanın iclası və Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak məqsədilə ölkəmizə səfər edən Türkiyə Respublikası vitse-prezidenti Cevdet Yılmaz dünən paytaxtda qardaş ölkədən gələn jurnalistlərlə görüşüb.

Görüşdə jurnalistlərin maraqlandıqları suallara cavab verən Cevdet Yılmaz koridor məsələsinə də geniş yer ayırıb. Vitse-prezident bildirib ki, hazırkı qlobal mühitdə “bağlantısallıq” (connectivity) anlayışı ölkələrin iqtisadi inkişafına mühüm təsir göstərir. O vurğulayıb ki, sovet dönəmindəki ideoloji bloklaşmanın yerini iqtisadi bloklaşma – “iqtisadi soyuq müharibə” alıb, liberallaşmış qlobal nizam zəifləyir, proteksionist tendensiyalar artır:

media-e77d7435-4f02-46f8-bcbb-6304b2fdc9fc

“Dünyada iqtisadi güc mərkəzləri dəyişir, ÜDM-də artan payı əsasən Çin və digər Uzaq Şərq ölkələri tutur. Belə bir şəraitdə loqistika və təchizat zəncirləri strateji amilə çevrilir, regionlararası yeni marşrutlar formalaşır.”

Vitse-prezident üç əsas “simbolik” layihənin ölkələrin orta və uzunmüddətli iqtisadi perspektivini formalaşdıracağını söyləyib:

1. İraqı şimaldan cənuba birləşdirən dəmir yolu və avtomobil magistralı – Türkiyənin Bəsrə Körfəzinə çıxışını təmin edəcək ticarət kanalı;
2. Zəngəzur Koridoru – Türkiyə ilə Türk Dünyası, Mərkəzi Asiya arasında birbaşa nəqliyyat əlaqəsi;
3. Tarixi Hicaz Dəmir Yolunun bərpası – Gaziantep–Hələb–Dəməşq–İordaniya–Hicaz marşrutunun yenidən canlandırılması.

Cevdet Yılmaz bildirib ki, uzun illər istismar olunmuş Hicaz xəttinin bərpası asan məsələ deyil, lakin bu təşəbbüslər regional inteqrasiyanı dərinləşdirərək ticarət həcmini və rəqabət qabiliyyətini yüksəldəcək. O, eyni zamanda Zəngəzur Koridorunun Şərqi Anadolu, Şərqi Qara Dəniz və Cənub-şərq regionlarının inkişafına təkan verəcəyini vurğulayıb: “Zəngəzur Koridoru, Türk dünyası və Orta Asiya ilə birbaşa əlaqə qurmağımızda çox kritik imkan yaradır. Məsələn, Zəngəzur Koridoru həm Şərqi Anadolu, həm də Şərqi Qara dəniz üçün olduqca əhəmiyyətli bir marşrutdur. Regionun inkişafı baxımından Şərq, Cənub-Şərq və Şərqi Qara dənizin yüksəlişinə töhfə verən “inkişaf koridoru” kimi qiymətləndiririk. Eyni zamanda, Cənub-Şərq bölgəsi üçün Suriya üzərindən yeni loqistik xətlərin formalaşması baxımından da mühüm üstünlüklər təmin edir”.

media-a27cb58c-9ff5-4b4b-8287-1fb64e46546d

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun baş redaktoru Aqil Ələsgər də brifinqdə iştirak edən azsaylı azərbaycanlı jurnalistlər arasında olub.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa