Böyük Britaniyanın yüksək mükafatı böyük etimadın göstəricisidir – Bəxtiyar Aslanbəyli
“Böyük Britaniyanın yüksək mükafatına layiq görülməyim həqiqətən gözlənilməz xəbər oldu və buna görə dərin təşəkkürümü bildirirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri bp-nin Xəzər regionu üzrə vitse-prezidenti, Böyük Britaniya Kralı III Çarlz tərəfindən Britaniya İmperiyası Ordeninin fəxri Zabiti (OBE) adına layiq görülən Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, bu təltifi fərdi nailiyyət kimi deyil, çalışdığı komandanın peşəkarlığına və birgə əldə olunan uğurlara verilən yüksək qiymət kimi dəyərləndirir:
“Peşəkar fəaliyyətimə nəzər saldıqda həm minnətdarlıq, həm də qürur hissi keçirirəm. 24 il ərzində Böyük Britaniya–Azərbaycan münasibətlərinə töhfə vermək imkanı əldə etdiyim üçün özümü həqiqətən şanslı sayıram. Bu töhfələr təkcə iş fəaliyyətimlə məhdudlaşmayıb. Eyni zamanda təhsil, mədəniyyət, ətraf mühitin qorunması və digər sahələrdə inkişaf təşəbbüslərini dəstəkləmək imkanımız olub”.
B. Aslanbəyli əlavə edib ki, Azərbaycan enerji sektorunda çalışmaq gündəlik iş çərçivəsindən daha geniş məna daşıyır:
“Enerji sahəsində fəaliyyət ölkənin və regionun enerji təhlükəsizliyinə töhfə vermək kimi strateji məqsədi ehtiva edir. Bu proseslərin bir parçası olmaqdan böyük qürur duyuram”.













