“Böyük İsrail” xəritəsi və atəşkəs boğuntusu: Sionist nazirlər Netanyahunu necə ŞANTAJ EDİR?

media-hightechnic-468x90

İsrail hökuməti HƏMAS-ın Fələstin dövlətinin yaradılması şərtini əsla qəbul etmək istəmir.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.

media-images-16

Politoloq HƏMAS rəsmilərinin yeni bəyanatını şərh edərək, Fələstin dövlətinin qurulacağı halda tərksilah edilməyə razı olmaları haqqında fikirlərini bölüşüb:

“İsrailin hazırkı teokratik rejimi olan koalisyon hökumətinin xarici siyasəti sionizm ideologiyası üzərində qurulub. Bu da o deməkdir ki, İsrail “vəd edilmiş torpaqlar” fanatik düşüncəsi ilə öz ərazilərini genişləndirməyə çalışır. Livan, İordaniya, Suriya və digər ölkələrlə bağlı bu addım atılır və Yaxın Şərqdə bir sıra ölkələrə qarşı ərazi iddiası var. Ona görə də İsrail nəinki Fələstin dövlətinin yaradılmasını qəbul etmir, hətta ərazi iddialarını genişləndirməyi düşünür. Bunun üçün mərhələ-mərhələ və uzaq perspektivə hesablanan hədəflər müəyyənləşdirilərək addım atılır. Qəzza hadisələrindən sonra İsrail hökumətinin yenə də uzun illər ərzində konspirasiya nəzəriyyəsi kimi təqdim edərək manipulyasiya edə bilməsi və sionizm ideologiyasını gizlətməyə nail olması artıq mümkün deyil. Ona görə də İsrailə qarşı beynəlxalq təzyiq güclüdür.”

Ə. Zülfüqaroğlu Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqqında həbs qərarının onun planlarını müəyyən qədər həyata keçirməyə mane olduğunu diqqətə çatdırıb:

“Baş naziri haqqında Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı verməsi İsrailin xarici siyasətində problemlər yaradır və onun diplomatik manevr imkanlarını məhdudlaşdırır. Amma İsrail baş nazirinin Almaniya kansleri ilə görüşündən sonra o həlqəni dələrək çıxmağa çalışır. Bu da o deməkdir ki, İsrail hökuməti bu siyasətindən vaz keçməyəcək. Netanyahu hökumətində xüsusilə təhlükəsizlik və maliyyə nazirləri atəşkəsin qəti əleyhinədirlər. Onlar tərəfindən Netanyahuyə qarşı ciddi təzyiqlər var və onlar da qatı sionist və radikal dindar olaraq koalisyon hökumətin həlledici fiqurlarıdır. Onlar olmayacağı təqdirdə İsrail hökumətinin mövcudluğu sual altına düşür. Ona görə də, hazırkı İsrail hökuməti ilə Qəzzada sülhə nail olması problematik görünür. İstər Türkiyə liderliyindəki İslam ölkələri, istərsə də Tramp Amerikası bölgədə sabitliyin bərpa olunması və sonrakı perspektivdə İsraildə hökumət dəyişikliyinə nail olmaqla, Yaxın Şərqdə sabitliyin bərpasına, Qəzzada sülhə və Fələstin dövlətinin yaranmasına səy göstərir. İsrailin isə ABŞ-dakı sionist lobbisi vasitəsilə Tramp üzərində təzyiqlərini artırma potensialı var.”

Siyasi şərhçi İsrailin Qəzzanı özünə ilhaq etməklə ərazilərini genişlətmək istədiyini xüsusi vurğulayıb:

“İsrail ordusu Qəzzadan çıxmaq istəmir və Qəzza ərazilərində yeni sərhəd müəyyənləşdirir. Bütün bunlar onu deməyə əsas verir ki, Qəzzada mürəkkəb və bir-birini təkzib edən proseslər, ziddiyyətli məqamlar kifayət qədər yüksəkdir. HƏMAS da bunu bilir və onların məqsədi ABŞ tərəfindən legitim siyasi qüvvə olaraq qəbul edilməsidir. İsrail hökuməti isə bunu özünə təhdid olaraq görür. Onlar çalışır ki, HƏMAS ləğv edilsin, Fələstin dövləti yaranmadan HƏMAS silahlı qüvvə olaraq sıradan çıxsın. İsrailin problemlərlə üzləşdiyi tunellər məhv edilsin, sonrakı dönəmdə isə Qəzza İsrailə tabe edilsin və İsrail ərazilərinin genişlənməsi ilə bağlı daha bir mərhələni geridə qoysun. Hazırkı geosiyasi şərtlər bunun həyata keçirilməsini bir qayda olaraq mümkünsüz edir. Bu baxımdan hesab edirəm ki, İsrail Yaxın Şərqdə danışıqlar prosesini pozmağa cəhd edəcək. Amma bütün bunlar İsrail hökuməti ilə bağlı daha ciddi problemlərin yaranmasına səbəb olacaq.”

 Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa