!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük qayıdış nə vaxt reallaşacaq? - "Qarabağda görülən işlər indiki sürətlə davam edərsə..." - TƏHLİL

!Reklam – Yazi

Ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biri işğal altında olan torpaqların azad edilməsidir. Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə sərhədlərinə tam nəzarət edir. Sərhədlərimizin etibarlı qorunması üçün bütün lazımi işlər görülür.

Həmçinin ötən il Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”ı təsdiq edilib. Dövlət Proqramı çərçivəsində əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası əsas istiqamətlər kimi göstərilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir. Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu, Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Yenicag.az-a açıqlamasında bildirib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi zəfərindən iki il keçməsinə baxmayaraq, qısa müddət ərzində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri təqdirəlayiqdir:

“Erməni vəhşiliyinin qurbanı olan tarixi abidələrimizin bərpası, 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlərimizin yenidən qurulması heç də asan proses deyil.

Lakin buna baxmayaraq, qısa müddət ərzində Hadrut və Şuşa Rəqəmsal Yarımstansiyası, Su və Elektrik Stansiyaları, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanı, Ağalıda “Ağıllı kənd” və digər layihələr uğurla başa çatdırıldı.

Hazırda digər layihələr üzrə də işlər aparılır. 2024-cü ildə başa çatdırılacağı planlaşdırılan Laçın Beynəlxalq Hava Limanının tikintisini də xüsusi qeyd etmək istəyərdim.

Ermənistanla sərhəd və yaxın olan ərazidə hava limanının olması çox əhəmiyyətlidir. Bu zərurət yarandıqda, hərbi vəziyyətdə PUA-ların uçuşunun daha da genişləndirilməsinə xidmət edə bilər.

Məcburi köçkünlərin öz ata yurdlarına qayıtma prosesi də davam etməkdədir. Hesab edirəm ki, bu məsələ daha çox diqqətdə saxlanılmalıdır.

2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərimizin ora qayıtması üçün 3 milyard manata yaxın vəsait nəzərdə tutulub. Bu isə 2021-2022-ci illərlə müqayisədə ortalama daha 25 faiz çoxdur.

Bütün bu amillər prosesin daha da sürətlənməsinə xidmət edir.

Əlbəttə, bu məsələnin də müəyyən çətinlikləri var.

Ermənistan tərəfindən 30 il davam edən işğal dövründə bu ərazilərin minalarla çirklənməyə məruz qalması məcburi köçkünlərin evlərinə tam təhlükəsiz qayıtması üçün hələ də maneədir.

Bu səbəbdən Qarabağa böyük qayıdış vətəndaşlarımız üçün daha təhlükəsiz formada olmalıdır və bunun üçün zaman tələb oluna bilər.

Bərpa-quruculuq işlərinin tez başa çatdırılması tək iqtisadi baxımdan deyil, həm də siyasi yöndən davam edir.

Siyasi arenada mənfur düşməndən mina xəritələrinin alınması üçün dövlət tərəfindən müəyyən siyasi addımlar atılmaqdadır.

Qarabağda görülən işlər indiki sürətlə davam edərsə, məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması heç də uzun çəkməyəcək”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv