“Dədə Qorqud” filmində məşhur bir kəlam var: “Bir torpağı əkib-becərirsənsə, onu qorumağı da bacarmalısan. Əkib-becərmərməyəcəksənsə, qoruduğun ərazilərin də heç bir mənası olmayacaq”.
Hesab edirəm ki, bu kəlam quruculuq və müdafiə strategiyasını lakonik şəkildə ifadə edir. Həqiqətən də düşmənlər tərəfindən ələ keçirilmiş ərazilərin işğaldan azad olunmasının mühüm tələblərindən biri orada məskunlaşma siyasətinin həyata keçirilməsidir. Çünki məskunlaşdırılmış ərazilər həmdə torpaqların müdafiəsini də gücləndirir. Bu mənada Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə şəhər və kənd salma siyasəti incə düşünülmüş müdafiə strategiyasıdır. Ən azı o səbəbdən ki, bu ərazilərin insanları öz ev-eşiklərini, təsəvvüratlarını qorumaq prosesinə cəlb olunurlar və bu da müdafiə tədbirlərini gücləndirir.
Prezident İlham Əliyev işğal olunmuş ərazilərdə artıq 3-cü şəhər günləri keçirib. Bir müddət əvvəl Zəngilan və Ağdamda Milli Şəhərsalma Forumu təşkil olunmuşdu. İki gün əvvəl isə eyni tədbir Füzulidə keçirildi. Prezident İlham Əliyev bu tədbirdə bildirdi ki, işğaldan azad olunmuş digər ərazilərdə də məskunlaşdırma siyasəti uğurla həyata keçirilir, bir neçə il ərzində bu torpaqlara 10 minlərlə ailə köçürüləcək.
“İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər”, – Prezident tədbir çıxışında bildirib.
Sözsüz ki, Prezidentin səsləndirdiyi bu rəqəmlər yalnız Böyük Qayıdış Proqramının ilk mərhələsində nəzərdə tutulanlardır. 2026-cı ildən sonra yəqin ki, Proqramın növbəti mərhələsi başlayacaq və bu mərhələdə Xocalı, Əsgəran, Xankəndi rayonlarının 30 il əvvəl zorla ev-eşiklərindən didərgin salınan sakinləri də öz yurdlarına qayıdacaq. Beləcə, Qarabağda yaşayan azərbaycanlıların sayı, böyük ehtimalla 1 milyona yaxınlaşacaq və bu tarixi bölgəmizdə suverenliyimizin qalıcı təminatı məhz bu şəkildə bərqərar olacaq.
Açığını deyək ki, Azərbaycan hakimiyyəti bu istiqamətdə mühüm addımlar atır. Qarabağ ətrafında ağıllı kəndlər və şəhərlər salaraq, bölgədə yaşayış imkanlarını yaxşılaşdırır. Məqsəd isə, əlbəttə, yenidən məskunlaşdırma prosesini gücləndirmək və onu arzulanan səviyyəyə gətirməkdir.
Sirr deyil ki, insanlar öz torpaqlarını nə qədər çox sevsələr də, vətəninə bağlı olsalar da, yenidən məskunlaşmanı cazibədar hala gətirmək prosesi orada iş imkanları, nümunəvi yaşayış fürsətləri yaratmaqdan keçir. Təsadüfi deyil ki, məhz bu məqsədlə Qarabağətrafı rayonlarında yeni ağıllı kəndlər və qəsəbələr salınır, məktəblər açılır, uşaq və yeniyetmələrin daha yaxşı təhsil alması üçün münbit şəraitlər yaradılır, sakinlərin tibbi ehtiyaclarını ödənilməsi üçün xəstəxanalar inşa olunur. Prezident də öz məlum çıxışında işğaldan azad olunmuş rayonlarda nümunəvi yaşayış massivlərinin yaradılması hədəflərini açıq ifadə etməyə çalışaraq deyib: “Onu da bildirməliyəm ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq”.
Dərindən düşünəndə görərik ki, Cənab İlham Əliyev bu sözləri ilə əslində Füzulinin yeni tipli səhərsalma sahəsində nümunə təşkil edəcəyinə də eyham vurub. Bu isə Qarabağ və ətraf rayonlarının təkcə abadlaşdırılması yox, həm də ermənilərin beynəlxalq arenalarda tez-tez dilə gətirdikləri Qarabağa qayıdış arzularının, ən əsası isə, qayıdacaqları təqdirdə yenidən separatçı təmayüllərə meyllənmələrinin reallaşmasının qarşısının alınmasında atılan ən önəmli addım kimi qiymətlənirilə bilər.
Mürvət Həsənli,
“Qərbi Azərbaycan İcması” Qəyyumlar Şurasının sədri
www.yenicag.az