!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyadan ÇAĞIRIŞ – Rusiya aktivləri Ukraynaya VERİLSİN

!Reklam – Yazi

Britaniya parlamentinin bir qrup deputatı Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya köçürülməsini tələb edib. Deputatlar hesab edirlər ki, bu addım həm “təcavüzkar ödəməlidir və ödəyəcək” mesajını vermək, həm də Ukraynanın maliyyə ehtiyaclarını ödəmək baxımından mühümdür.

Yenicag.az xəbər verir ki, məlumatı “The Times” nəşri yayıb və məktub ondan çox Britaniya deputatı, həmçinin Almaniya, Polşa, Baltikyanı ölkələr və Finlandiyadan olan yüksək vəzifəli parlament üzvləri tərəfindən imzalanıb.

Qeyd olunur ki, deputatlar Rusiyanın Mərkəzi Bankının dondurulmuş ehtiyatlarından 300 milyard dolların Ukraynaya köçürülməsi üçün hüquqi mexanizmlərin hazırlanmasını tələb edirlər. Onlar vurğulayıblar ki, Böyük Britaniyanın hesablarında saxlanılan 25,5 milyard funt-sterlinqlik vəsait bu prosesə strateji töhfə verə bilər. Məktubda həmçinin bildirilir ki, kreditlər və fövqəladə maliyyələşmə Ukrayna üçün kifayət deyil və bu yük Qərb vergi ödəyicilərinin üzərinə düşür. Deputatlar hesab edirlər ki, yalnız Rusiyanın dondurulmuş aktivləri müharibənin səbəb olduğu zərərləri ödəyə bilər.

Bundan əlavə, G7 ölkələri artıq Ukraynaya 2024-cü il üçün 50 milyard dollar kredit ayırmağı öhdələrinə götürüblər. Bu məbləğ rəsmi olaraq kredit kimi təqdim olunacaq, lakin ödənişlər Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən faiz gəlirləri ilə təmin ediləcək. Britaniya Avropa İttifaqından kənarda ən çox dondurulmuş Rusiya aktivlərinə malik ölkədir və bu vəsaitlərin istifadə olunmasında liderlik edə bilər. Deputatlar bildiriblər ki, Rusiyanın hərbi iqtisadiyyatı zəiflədiyi bir dövrdə aktivlərin müsadirəsi beynəlxalq maliyyə sabitliyinə təsir etmədən işğalçının imkanlarını məhdudlaşdıracaq.

Xatırladaq ki, dekabr ayının sonunda Ukrayna ABŞ-dan planlaşdırılan 20 milyard dollarlıq yardımın ilk tranşını alıb. Deputatlar ABŞ-ın yeni administrasiyasının Ukraynaya dəstəyi dayandıra biləcəyi ehtimalını nəzərə alaraq bu məsələnin daha da təcili olduğunu bildiriblər.

Müzakirələr bazar ertəsi Britaniya parlamentində davam etdiriləcək. Məqsəd Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın maliyyələşdirilməsində istifadəsinə dair hüquqi əsasların müəyyən edilməsidir.

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv