“Bu bəyanat Ermənistanda ciddi narahatlıqla qarşılandı” – Partiya sədri

Ermənistan hakimiyyətinin təxribatı məhz Paşinyan hökumətinin respublikada vəziyyətə nəzarəti əhəmiyyətli dərəcədə itirdiyi, ölkənin xaosa sürükləndiyi, pandemiyaya qarşı mübarizənin uğursuzluqla davam etdiyi və daxili narazılığın son dərəcə artdığı dövrə təsadüf edir.

Son günlər koronavirus pandemiyasının Ermənistanı fəlakət həddinə gətirməsi və hökumətin bu vəziyyətdən çıxmaq üçün təsirli tədbirlər görə bilməməsi cəmiyyətdə narazılığı son həddə çatdırmış və N. Paşinyanın rəhbərlik etdiyi hökumət üzləşdiyi siyasi böhrandan repressiv tədbirlərə əl atmaqla, siyasi rəqiblərini həbs edərək susdurmaqla çıxmağa uğursuz cəhdlər göstəmişdi. Digər tərəfdən, pandemiyanın geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyyətlərə görə ölkə iqtisadiyyatı iflic vəziyyətinə salınmış və ekspertlər iqtisadi fəlakətin yaxınlaşdığı barədə həyacan təbili çalmaqda davam etmişlər.

Koronavirus pandemiyasının Ermənistanı saldığı son dərəcə ağır durumda vəziyyəti necə düzəldəcəyini bilməyən “demokrat” baş nazir gah əhalini, ilk növbədə siyasi rəqiblərini “müharibə dövrünün qanunları ilə davranaraq panika yayanları məhv edə biləcəyi” ilə hədələmiş, gah da, yoluxma halları artdıqca səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyəcəyi, xüsusilə ağır vəziyyətdə olan xəstələrin təhlükə ilə qarşılaşacağı, xəstəxanalarda yer olmayacağı barədə panik bəyanatlar vermişdir.

N.Paşinyanın öz siyasi rəqiblərini həbs etməklə sıradan çıxarmaq cəhdi kəskin narazılıqla qarşılanmış və “müxalif qüvvələri susdurmağln yeganə yolunun cinayət işi açmaq olduğunu” bildirərən müxalifət beynəlxalq qurumları, ölkədəki xarici səfirlikləri bu davranışa prinsipial qiymət verməyə çağırmışlar.

Ermənistan hakimiyyətinin Tovuz rayonu ilə sərhəddə təxribat törədərək atəşkəs rejimini kobud şəkildə pozması məhz Paşinyan hökumətinin respublikada vəziyyətə nəzarəti əhəmiyyətli dərəcədə itirdiyi, ölkənin xaosa sürükləndiyi, pandemiyaya qarşı mübarizənin uğursuzluqla davam etdiyi və daxili narazılığın son dərəcə artdığı dövrə təsadüf edir.

Əsas hədəf fəallaşan müxalifətin fəaliyyətini maksimum məhdudlaşdırmaq və susdurmaqdır. Bu məqsədlə Azərbaycanın düşmən obrazı qabardılır, erməni xalqı həmrəyliyə dəvət edilir, siyasi partiyaların fəaliyyətini dayandırmaqla bağlı çağırışlar səslənir.

Ermənistanın atəşkəsi kobud şəkildə pozmasına gözlənildiyi kimi ATƏT Minsk Qrupu həmsədr ölkələri, Avropa Şurası, və digər beynəlxalq təşkilatlar adekvat reaksiya vermədilər və bu təcavüzkar addımı qınadıqlarını bildirmədilər. Ən xırda və əhəmiyyətsiz məsələlər barədə odlu-alovlu bəyanatlar verən bu təşkilatlardan fərqli olaraq GUAM təşkilatının katibliyi bəyanat verərək Ermənistanın təcavüzkar hərəkətlərini qəti şəkildə pislədi. Qardaş Türkiyə Cümhuriyyəti Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınadığını və həmişə olduğu kimi Azərbaycanın yanında olduğunu birmənalı şəkildə bəyan etdi və bu bəyanat Ermənistanda ciddi narahatlıqla qarşılandı.

Hərbi əməliyyatlar başlayan kimi cəbhə xəttindəki operativ məlumatlarla tanış olan prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi. Iclasda Azərbaycan dövlətinin qətiyyətli mövqeyini ifadə edən dövlət başçımız silahlı qüvvələrimizin erməni təxribatının qarşısını qətiyyətlə aldığını və bu cür cəhdlərin bundan sonra da ciddi cəzalandırılacağını bildirdi. İclasda Azərbaycanın torpaqlarının işğalı və hər hansı xarici qüvvənin öz ərazisində mövcudluğunu qəbul etməyəcəyi birmənalı şəkildə ifadə olundu.

Dövlətçiliyimizin sınağa çəkildiyi bu günlərdə xalqın Azərbaycan Prezidenti, Ali Baş Komandan ətrafında sıx birləşməsi, vətəndaşlarımızın könüllü olaraq döyüşən hissələrə cəlb olunmaq barədə müraciətləri, şəhidlərimizin dəfn olunması zamanı nümayiş olunan vətənpərvərlik hamımızı qürurlandırır və torpaqlarımızın işğaldan azad olunacağı günə az qaldığını, qəhrəman ordumuzun öz sözünü deyəcəyi günün yetişməkdə olduğunu xəbər verir.

Abutalıb Səmədov
Azərbaycan Naminə Alyans partiyasının sədri.