Yeni mövsümdən etibarən I Divizionda iştirak edəcək komandaların sayı azaldılıb.
Yenicag.az xəbər verir ki, keyfiyyətli çempionat təşkil etmək niyyətində olan AFFA və PFL birgə qərar qəbul edərək, şəraitsiz, maddi vəziyyətləri qənaətbəxş olmayan, o cümlədən adları oyun alqı-satqısında hallanan klubları çempionata buraxmayıb.
Bunlardan biri də Qusarın “Şahdağ” komandasıdır. Məhz qurumların bu qərarı şimal bölgəsinin təmsilçisinin etirazına səbəb olub. Və bundan sonra da AFFA və PFL-ə qarşı ağlasığmaz ittihamlar irəli sürülüb. Belə ki, klubun vitse-prezidenti, hazırda isə “Şahdağ”la heç bir bağlılığı olmadığı iddia edilən Rüstəm Əzimov sosial şəbəkədəki şəxsi hesabında separatçı çıxışı ilə yadda qalıb.
O, Azərbaycan klubu olaraq Dağıstan çempionatına üz tutacaqlarını qeyd edib. Məsələ burasındadır ki, futbol ictimaiyyətində istər “Şahdağ”a, istərsə də çempionata buraxılmayan digər komanda – “Energetik”ə “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin nəzarət etməsi ilə bağlı fikirlər dolaşır.
Lakin, Yenicag.az saytına açıqlama verən qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı iddiaları təkzib edib. O, bildirib ki, bu klubların Etibar Pirverdiyevlə heç bir əlaqəsi yoxdur:
“Birmənalı şəkildə bildirirəm ki, “Azərenerji” ASC tərəfindən “Şahdağ” futbol klubuna maliyyə dəstəyi göstərilmir. Klub rəsmilərinin Etibar Pirverdiyevin adından danışmağa ixtiyarı yoxdur. Hər hansı dəstək olsaydı, Etibar müəllim klubun prezidenti olardı. “Belə bir nümunə vardır ki, hər hansısa bir nazir komitə, agentlik və ya ASC rəhbəri klub prezidenti olsun. Əgər “Azərenerji”nin rəhbəri də klubun prezidenti olsaydı, bunu ictimaiyyət bilərdi. “Azərenerji” rəsmi qurumdur. Bu quruma rəhbər ölkə başçısı tərəfindən təyin edilib. Burada qeyri-rəsmi nə ola bilər ki? Bir daha bəyan edirəm ki, “Azərenerji”nin “Şahdağ” və ya “Energetik”lə heç bir bağlılığı yoxdur. Bundan başqa mən Rüstəm Əzimovla bağlı araşdırma apardım. Bir məsələni diqqətinizə çatdırım ki, onun “Şahdağ”la heç bir hüquqi bağlılığı yoxdur. O, may ayında tutduğu vəzifədən uzaqlaşıb. Sadəcə, keçmiş səlahiyyətlərindən sui-istifadə edərək status yazıb. Xahiş edirəm, cəfəng, boş mövqelərə diqqətlə yanaşıb, əhəmiyyət verməyəsiniz. Onu da qeyd edim ki, bəhs edilən şəxs artıq həmin statusu silib”.
Emin Səfərov
www.yenicag.az