!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu layihələr ölkəmizin gələcəyinə daha nikbin baxmağa əsas verir” - Ülvi Quliyev yazır

!Reklam – Yazi

İqtisadi müstəqilliyimizin, ölkəmizdə iqtisadi-sosial dayanıqlığın təmin olunmasında neft-qaz sektoru uzun illər ərzində həlledici çəkiyə malik olub. Lakin bu böyük potensialdan istifadənin, dünya bazarına çıxışın qarşısında hər zaman ciddi maneələr dayanıb. Bir tərəfdən, oturuşmuş beynəlxalq biznes maraqlarının müqavimətinin dəf olunması gərəkli idi, o biri tərəfdən isə, böyük güclərin ziddiyyətli siyasi maraqlarının uzlaşdırılması üçün dövlətçilik iradəsi və diplomatik məharət tələb olunurdu. Müstəqilliyimizin ilk illərində xarici investorlar üçün cəlbedicilik mühitini pozan başqa amillər də mövcud idi. Ərazimizin 20 faizi işğal edilmişdi.

Bu isə xarici sərmayədarlar üçün o demək idi ki, ölkəmizdə münaqişə ocağı movcuddur və o, hər an alovlana bilər. İctimai- siyasi sabitlik də, yumşaq desək, həsəd aparılacaq səviyyədə deyildi. Real investisiya riski ilə iqtisadi dividendlər perspektivi üz-üzə dayanmışdı. Bütün çətinliklərə, təzyiq və maneələrə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin siyasi qətiyyəti və böyük diplomatiya bacarığı sayəsində 1994-cü ilin sentyabrında XX əsrin Neft Kontraktı imzalandı. Məhz bu kontraktlar imkan verdi ki, iqtisadiyyatımız dirçəlsin, sosial problemlərin həllinə və nizami ordu quruculuğuna başlanılsın. Prezident İlham Əliyev Ulu Öndər tərəfindən əsası qoyulan transmilli layihələri daha da inkişaf etdirdi və onların əhatə dairəsini genişləndirdi, beynəlxalq əhəmiyyətli iqtisadi proyektləri həyata keçirdi. Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər bu kimi layihələrin tərəfdaşlara böyük dividendlər vəd etməsinə baxmayaraq, onların da qarşısında ciddi maneələr dayanırdı…

Dövlətimizin başçısı həmin maneələrin keçilə bilməsinin şərtlərini Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına verdiyi müsahibədə açıqladı. Onların sırasında təhlükəsizlik, sabitlik, mədəniyyətlərarası dialoq və dini tolerantlıq kimi məqamlar xarici investorlar üçün iqtisadi mühitin cəlbediciliyi deməkdir. Prezident İlham Əliyev investisiya cəlbediciliyini artıran şərtlərdən ikisinin üzərində xüsusi dayandı:

“Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Digər vacib amil ondan ibarətdir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir… Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib”. Dövlətimizin başçısı vurğuladı ki, bəzi ölkələr müəyyən mərhələ keçildikdən sonra müqavilələrdə dəyişiklik etməyə təşəbbüs göstərirlər və təbii ki, bu da investorları narahat etməyə bilməz. Azərbaycanda isə xarici sərmayədarların rəğbətlə qarşılamadığı bu cür təcrübədən heç vaxt istifadə olunmayıb. Elə buna görə də, Prezidentimizin qeyd etdiyi növbəti həqiqət investorlara da dəqiqliklə məlumdur:

“Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib”

Prezident İlham Əliyev investisiya cəlbediciliyini artıran yeni şərtlərdən birinin üzərində xüsusi dayandı: “Yəni, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir”.

Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən səhnələri izlədikcə, yaşadığımız həqiqətlərin doğurduğu suallar üzərində yenidən düşünməli olursan. Covid-19 pandemiyası dünyanı cənginə alıb, ən inkişaf etmiş dövlətlər də daxil olmaqla, dünya iqtisadiyyatı ciddi ölçüdə kiçilib. Bu, ölkəmizə də təsirsiz ötüşməyib. Müharibədən çıxmışıq. Müharibə isə, həm də böyük maliyyə məsrəfləri deməkdir. Əldə etdiyimiz Qələbəni qorumaq üçün ordumuzun daha da gücləndirilməsinə, müasir hərbi təçhizatına əlavə, iri miqyasda maliyyə vəsaiti sərf olunmalıdır və artıq olunur. İşğaldan azad edilmiş Qarabağda böyük quruculuq və bərpa işlərinə start verilib. Təkcə bu iş milyardlarla vəsait tələb edir. Xarici qonaqların “Qafqazın Xirosiması” adlandırdıqları Ağdamdakı mənzərə aşağı-yuxarı işğaldan azad edilən bütün rayonlarımızda oxşardır. Yaranan sual isə ondan ibarətdir ki, belə bir vəziiyyətdə, üzləşdiyimiz çətinliklərə və ölkəmizin qarşısında dayanan problemlərin mürəkkəbliyinə baxmayaraq, Ələt Azad İqtisadi Zonası kimi böyük layihəyə start verilməsinin arxasında yalnız nikbinlik dayanmır. Bu, həm də ölkəmizin real iqtisadi gücündən xəbər verir, ən başlıcası, Prezident İlham Əliyevin dövlətimizi daha güclü etmək istəyindən və siyasi iradəsindən qaynaqlanır. İqtisadi güc və real imkanlar mövzusuna toxunarkən, Prezidentimizin səsləndirdiyi bir neçə beynəlxalq statistik məlumata istinad tam yerinə düşür. Dünya Bankının “Doinq Business” hesabatında əlverişli investisiya iqlimi baxımından Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Davos Forumunun tərtib etdiyi hesabata əsasən isə, elektrik təçhizatı sahəsində ölkəmiz dünyada ikincidir, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyəti baxımından ölkəmiz dünyada 24-27-ci yerləri bölüşür, gəmiçilik xidmətlərimiz isə 25-ci yerdə qərarlaşıb. Azad İqtisadi Zona layihəsinin gercəkləşməsi imkan verəcək ki, ölkə iqtisadiyyatının neft sektorundan asılılığında əsaslı dönüş yaransın, qeyri-neft sektoru daha sürətlə inkişaf etsin. Bu, həm də minlərlə iş yeri və vətəndaşlarımız üçün yüksək əməkhaqqı imkanları deməkdir.

Vətən müharibəsindən sonra imzalanmış 10 noyabr və 11 yanvar tarixli üçtərəfli Birgə Bəyanatlarda kommunikasiyaların açılması məsələsi xüsusi olaraq vurğulanır. Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması da iqtisadi inteqrasiyadan, iqtisadi əlaqələrin genişlənməsindən birbaşa asılıdır. Nəzərdə tutulan dəhlizlərin bir qismi beynəlxalq əhəmiyyətlidir, o cümlədən Şərq-Qərb, Şimal- Cənub dəhlizləri Azad Ticarət Zonasının yerləşdiyi Ələt ərazisindən keçir. Mövcud logistika və nəqliyyat imkanları bu layihəni xarici sərmayədarlar üçün daha cəlbedici edir. Təməlqoyma mərasimini izləyərkən, şahidi olduğumuz bir həqiqət də ölkəmizin gələcəyi ilə bağlı daha nikbin düşünməyə, daha inamlı olmağımıza əsas verdi. Dövlətimizin başçısı tərəfindən Ələt Azad İqtisadi Zonasının yaradılması haqda Sərəncam 2017-ci ildə imzalanıb, 2018-ci ildə qanun qəbul edilib. Pandemiya və müharibəyə baxmayaraq, hazırlıq işləri ötən illər ərzində dayandırılmayıb. Bütün bunlar ölkəmizin gələcək inkişafının strateji konseptual baxışa və obyektiv iqtisadi təhlillərə söykənməsi deməkdir. Bu gün ən inkişaf etmiş ölkələrin cəmiyyətlərində, o cümlədən pandemiya səbəbindən, yaşanan çətinliklər, sözsüz ki, bizdə də var. Müharibəni, Qarabağın bərpasını nəzərə alsaq, mübaliğəsiz, əslində bu çətinliklər bizdə daha çox olmalı idi. Fikrim hansısa çətinliyə və ya qeyri-populyar addıma bəraət qazandırmaq anlamına gəlməsin. Lakin məsələlərə yanaşarkən, haqqı nahaqqa da qurban verməməliyik, reallıqları, çətinlikləri və görülən işlərin miqyasını doğru dəyərləndirməliyik. Bilməliyik ki, 8 noyabr Zəfərindən və 15 iyun Şuşa Bəyannaməsindən sonra, ölkəmizə edilən təhdid və təzyiqin ölçüsünə baxmayaraq, bu tarixi nailiyyətlərin altında imzası dayanan Prezident İlham Əliyevin müharibədə düşmənə göstərdiyi yumruğu kimi, iqtisadi müstəqilliyimizə təminat verən regional və beynəlxalq əhəmiyyətli layihələrdəki imzası da eyni gücün göstəricisidir. Bu güc dövlətimizin müstəqilliyinin qorunmasına, ölkəmizin dünya birliyində daha nüfuzlu söz sahibi olmasına və yalnız ümummilli maraqlarımıza xidmət edir.

Ülvi Quliyev
Milli Məclisin deputatı

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv